Ötən gün Azərbaycanın siyasi dairələrində rezonans doğuran hadisə baş verib. Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məlumata görə, onun barəsində istintaq “dövlətə xəyanət” və “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamları üzrə aparılır. İlkin məlumata əsasən, Mehdiyev Səbail Rayon Məhkəməsinə gətirilib və onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hadisə ictimaiyyət arasında da geniş müzakirələrə səbəb olub. Bu, dövlət məmurları ilə bağlı ilk belə hal deyil. Son illərdə Azərbaycanda bir sıra sabiq vəzifəli şəxslər barəsində də ev dustaqlığı qərarı verilib.
Bəs son illərdə Azərbaycanda ev dustaqlığı qərarı verilmiş digər vəzifəli şəxslər kimlər olub? Manset.az araşdırmanı təqdim edir:
2020-ci ildə sabiq müdafiə naziri Rəhim Qazıyev sosial mediada dövlət qurumlarının fəaliyyəti ilə bağlı yayımladığı fikirlərə görə “dezinformasiya yaymaq” və “ictimai asayişi pozmaq” ittihamları ilə saxlanılıb. Bakı Hərbi Məhkəməsi onun yaşını və səhhətini nəzərə alaraq, barəsində həbsin ev dustaqlığı ilə əvəz olunmasına qərar verib.
Fotoda Rəhim Qazıyev
2021-ci il yanvarın 9-da “Azərxalça” ASC-nin sabiq sədri Vidadi Muradov külli miqdarda vəsait mənimsəmək, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları ilə saxlanılıb. O, daha sonra ev dustaqlığına buraxılsa da, noyabrın 5-də vəfat edib. Muradov vəzifədə olduğu dövrdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunurdu.
Fotoda Vidadi Muradov
2022-ci ilin fevralında Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifə səlahiyyətlərini aşma və külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq həbs edilib. 2022-ci ilin may ayında isə o, ev dustaqlığına buraxılıb.
Fotoda Səlim Müslümov
2020-ci ildə Keçmiş Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Antikorrupsiya əməliyyatı çərçivəsində saxlanılıb və barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Fotoda Faiq Bağırov
2019-cu ildə Keçmiş Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun korrupsiya ittihamı ilə barəsində ev dustaqlığına qərar verilib. Lakin sonradan bu qərar ləğv edilərək sabiq icra başçısı 7 il müddətinə həbs edilib.
Fotoda Qoca Səmədov
2025-ci ilin mart ayında “Law and Development” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “QHT işi” çərçivəsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə istintaqa cəlb olunub. O, istintaqla əməkdaşlıq etdiyi və qaçma ehtimalı olmadığı üçün məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
Fotoda Hafiz Həsənov
Fidan Vəlisoy