Müasir dövrdə ailə qurulması mərasimləri, o cümlədən nişan və toy adətləri cəmiyyətdə getdikcə daha çox müzakirə olunur. Xüsusilə bu mərasimlərdə müşahidə edilən israfçılıq halları, insanların maddi yükünün artmasına səbəb olur. Bu məsələ artıq televiziyalarda da ciddi müzakirə olunur. Bəziləri hesab edir ki, bu qədər xərc çəkməyə, təmtəraqlı məclislər keçirməyə heç bir ehtiyac yoxdur. Əsas olan iki gəncin bir-birini sevməsi, ailələrin razılığı və elçilik mərasimidir. Axı, niyə hər mərhələdə – nişanda, toyda dəfələrlə üzük taxılmalıdır? Bu, həm maddi baxımdan ailələrə yük olur, həm də cəmiyyətin içində “kim daha təmtəraqlı məclis keçirəcək” kimi yanlış bir yarış yaradır.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Manset.az-a açıqlamasında bildirib ki, yeni ailənin qurulması prosesində həyata keçirilən mərhələlərin seçimi individualdır, amma əsas məsələ bu zaman xərclərə diqqət edilməlidir:

“Azərbaycanda elə adətlər var ki, onlar hələ də yaşadılır. Burada söhbət daha çox israfçılıqdan gedir. Yəni bizim əsrlərdən gələn adət-ənənələrimiz hazırkı dövrdə şişirdilərək, daha ifrat formada həyata keçirilirsə, bunun qarşısı alına bilər. Elə toyların özündə də görün nə qədər israfçılıq var. Onda belə çıxır ki toylar da ləğv olunsun. Hazırda şadlıq saraylarında 90-100 manat arasında qiymətlər dəyişir. Amma bir şəxs maksimum 20 manatlıq yemək yeyə bilər bir dəfəyə. Yəni bu qədər çəkilən xərc boş-boşunadır. Bu həm toy sahibinə, həm də oraya dəvət olunan insanlara yükdür. Təbii ki, yaxınlarımıza-tanışlarımıza hörmət əlaməti olaraqbu məclislərə, xeyir işlərə üz tuturuq. Bu qarşılıqlı şəkildə aparılan prosesdir. Yəni təkcə nişan deyil, toy mərasimi də daxil olmaqla bütün proseslərdə uyğunsuz məqamlar çoxdur”.
Kulturoloq qeyd edib ki, yüksək səviyyəli, israfa yol verilən toyların keçirilməsi cəmiyyətdə artıq adət halını alıb. bu məsələlərlə bağlı ciddi addımlar atılmalıdır:
“Ailə qurulması ilə bağlı bütün proseslər cəmiyyətdə genişlənib və adət halına gətirilib, buna görə də heç kim ondan qaça bilmir. Təkcə nişan, toy deyil, elçilik, xınayaxdı, qız toyu, oğlan toyu, nikah və s. əlavə xərc mənbələri də yaradılıb. Yaxşı olardı ki, lap qədim dövrlərdən bu günə qədər Azərbaycanda mövcud olan “kənd toyu” ənənəsi davam etsin. Bu toylar necədir? Sadəcə bir növ yemək verilir, israfçılığa səbəb olan nüanslar olmur. Buna görə də adətlərin deyil, xərclərin ortadan qaldırılması məsələsinin üzərinə düşünmək lazımdır”.
Fidan Vəlisoy