Son günlər paytaxt Bakı ərazisində ard-arda yanğın və partlayış hadisələri baş verir. Hadisələr paytaxtın fərqli ərazilərində baş versə də, onları birləşdirən müəyyən məqamlar var.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Manset.az-a açıqlamasında son günlər ölkə gündəmini zəbt edən yanğın və partlayış hadisələrinin səbəbləri haqqında danışıb.

“Bütün təyinatlı obyektlər öz fəaliyyətlərini qanunvericiliyə əsasən həyata keçirməlidir. Yəni obyektdə insanlaın həyat və sağlamlıqlarını təhlükəyə atan heç bir nüans olmamalıdır. Burada təhlükə dedikdə müxtəlif yanğınlar,digər fövqəladə hadisələr, bu hadisələrin baş verməməsi üçün görülən tədbirlər planı, maddi-texniki təchizat bazasının tam şəkildə həyata keçirilməsindən tutmuş, bu təchizatın saz vəziyyətdə olmasına qədər obyektin spesifikasına uyğun olaraq ilkin od söndürmə vasitələrindən yanğın hidratlarına, yanğın şitlərinə qədər, yanğın dolabları, ehtiyyat su çəni, təhlükəsiz təxliyyə yolları, təhlükəsiz toplanış yerləri, yanğından xəbərdaredici siqnalizasiya vasitələri və s. bunlar hər biri mövcud olmalıdır. Bütün bunların vasitəsilə baş verəcək mümkün mənfi hadisələrin faizi azalır, baş verdikdə isə vaxtında tədbirlər görülərək qarşısı alınır. Bu qurğulara hansısa texniki xidmətin göstərilməsi isə ixtisaslaşmış müəssisə tərəfindən göstərilməlidir”.
Ekspert bildirib ki, Azərbaycanda baş verən yanğınların böyük əksəriyyəti elektrik qısaqapanmasının payına düşür:
“Yanğınların müxtəlif növləri var: bərk materialların alışıb yanmasından baş verən yanğınlar, maye və qaz halında və s. Biz baş verən yanğınların statistikasına nəzər saldıqda görürük ki, böyük əksəriyyət elektrik qısaqapanmasının payına düşür. Bu səbəbdən də elektrik təsərrüfatı saz vəziyyətdə olmalıdır. Elektrik təsərrüfatının normadan artıq yüklənməməsinə diqqət yetirmək lazımdı. Elektrik təsərrüfatında hər hansı kənar müdaxilələr də yolverilməzdir. Həm çoxmənzilli yaşayış binalarının birinci mərtəbəsində fəaliyyət göstərən obyektlər, burada çalışan şəxslər yanğın təhlükəsizliyinə dair olan ilkin biliklərə sahib olmalıdırlar, yanğın təhlükəsinə uyğun davranış sərgiləməlidirlər”.
Elmar Nurəliyev vurğulayıb ki, yanğın hadisəsi baş verdikdə evdə və ya obyektdə olan şəxslər operativ şəkildə vəziyyəti qiymətləndirməlidirlər:
“Daha sonra nəfəs yollarını yaş dəsmal və ya parça vasitəsilə qorumaq olar. Əgər mümkündürsə, yanğın baş verən binadan uzaqlaşmalıdırlar. Təbii ki, bunu liftdən istifadə edərək və yaxud da pəncərədən tullanaraq etmək olmaz, pəncərəyə yaxın yerdə dayanaraq xilasetmə qruplarının işini daha da rahatlaşdıraraq xilas edilmə prosesinə dəstək olmalıdırlar” - deyə o, fikirlərinə əlavə edib.
Fidan Vəlisoy