Azərbaycana gələn turist sayı kəskin azalıb - Səbəb nədir?

16:39 - 01 Dekabr 2025

Azərbaycana gələn turist sayı kəskin azalıb - Səbəb nədir?

10 ayda Azərbaycana gələn turist sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1.7% daha az olub. Gələn turist sayı 2.1 milyon nəfər olub. Tarixi, mədəniyyəti, gəzməli-görməli yerləri ilə dünyanın seçilən ölkələrindən olan Azərbaycanda turizmin bu dərəcədə geriləməsinə səbəb nədir?

 

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Manset.az-a açıqlamasında bildirib ki, bu ilin xüsusən yay aylarında turist sayısında azalma yüksək səviyyəyə çatıb:


“Rəsmi statistikada biz azalma müşahidə edirik. Hətta yay mövsümündə bu göstərici rəsmi 5 faizə yaxın idi. Ümumilikdə isə biz onlayn satış portallarından ötən illə müqayisədə satışın 30 faizə yaxın azaldığını görə bilirik. Ölkəyə gələn əcnəbi sayı 10 ayda 2.1 milyon olub. Xüsusilə, yay mövsümündə biz ciddi geriləmə müşahidə etdik. Bu geriləmənin əsas səbəblərindən biri İran İsrail müharibəsi idi. Eyni zamanda ondan bir müddət əvvəl Pakistan və Hindistan arasında olan gərginliklər ölkəmizə gələn turist sayına ciddi şəkildə təsir göstərdi. Xüsusən ölkənin cənubunda İran-İsrail müharibəsi ilə bağlı həmin ölkələrin hava məkanın qapalı olması körfəz ölkələrindən gələn turistlərin sayına təsirsiz ötüşmədi”.

Ekspert qeyd edib ki, ölkə ərazisənə turist axınının azalmasının başlıca səbəblərindən biri də qiymətlərin əlçatan olmaması və turizm sahəsində yetərincə yeniliklərin tətbiq olunmamasıdır:

“Qarşıdan Yeni il gəlir. Yeni il qabağı ölkəyə qeyri-iş günləri ilə bağlı ehtimal var ki, ölkə daxilində tələb yüksək olacaq. Bununla bağlı regionlardakı otellər, turizm şirkətləri artıq müəyyən təkliflər irəli sürürlər. Dövlət Turizm Agentliyi ölkənin tanıdılması üçün çalışır, bir çox sərgilərdə Azərbaycan da yer alır. Eyni zamanda qeyd etmək istəyərəm ki, Azərbaycanda bir neçə ildir ardıcıl olaraq beynəlxalq turizm sərgisi keçirilmir. Bu turizm sərgisinin Azərbaycanda da keçirilməsi vacibdir. Burada həm bütün ölkənin, eləcə də regionların turizm potensialı sərgilənə bilər. Bunun nəticəsində bu sərgiyə gələn beynəlxalq turizm şirkətləri ilə yerli turizm bazarı daha yaxından təmas edə bilərlər”.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az