Yeni il gecəsi üçün hotel qiymətləri "əl yandırır" - QİYMƏTLƏR

12:15 - 03 Dekabr 2025

Yeni il gecəsi üçün hotel qiymətləri \"əl yandırır\" - QİYMƏTLƏR

İlin son ayıdır, yeni il axşamı yaxınlaşır. Bir çoxları bu gecəni yaddaqalan şəkildə qeyd etmək istəyindədir. Bunun üçün ölkənin müxtəlif hotellərində “Yeni il şou proqramı” üçün rezervasiya etdirənlər heç də az deyil. Bəs Azərbaycanda fəaliyyət göstərən məşhur hotellərdə bu gecə üçün nəzərdə tutulmuş qiymətlər necədir?

 

Manset.az hotellərin “Yeni il gecəsi” üçün tətbiq edəcəyi qiymətlərlə bağlı araşdırma edib. Hotel qiymətləri müxtəlif nüanslara əsasən dəyişir. Buraya, əsasən, Yeni il gecəsi üçün təklif olunan xüsusi paketlər, qala proqramlar, hotelin ulduz reytinqi, xidmətlər daxildir.  Turizm sektorunda qiymətlər xüsusilə Yeni il ərəfəsində “əl yandırır”.

Belə ki, paytaxtın tanınmış hotellərindən olan  JW Marriott Absheron” hoteldə fəaliyyət göstərən restoranlarda Yeni il gecəsi üçün nəzərdə tutulmuş qiymətlər adambaşı 170-290 manat aralığında dəyişir. 

31 Dekabr - Yeni il gecəsi üçün hoteldə gecələmə isə qiymətə daxil deyil. 2 nəfərlik 1 gecəlik gecələmə seçim ediləcək restoran nəzərə alınaraq təxminən 720 AZN təşkil edəcək.

“Fairmont Baku” hotel daxilində fəaliyyət göstərən hər bir restoranda da qiymətlər fərqlənir. Burada Yeni il gecəsi üçün təklif olunan paketlərin qiyməti 225 manatdan başlayaraq 395 manata qədər yüksəlir.

Lənkəranda yerləşən və bölgələr üzrə ən məşhur hotellərdən olan “Lankaran Springs Wellness Resort”da Yeni il ərəfəsi üçün minimum iki gecəlik satış nəzərdə tutulur. 31-2 dekabr tarixlərini əhatə edən 2 nəfərlik xüsusi paket 1500 AZN təşkil edir. Buraya 3 dəfə qidalanma daxildir.

Paytaxta bir neçə saatlıq məsafədə - Şabranda yerləşən “Shabran Wellbeing Resort” hoteldə də sadəcə minimum iki gecəlik paketlər qonaqlara təklif olunur. 31-2 dekabr tarixlərini əhatə edən paket ümumilikdə 1800 AZN (standart otaqlarda gecələmə şərti ilə) təşkil edir. 

Qəbələ rayonunun tanınmış hotellərindən biri olan “Qafqaz Tufandag Hotel”də isə ikigecəlik paket 1700 AZN-dən başlayır. 

Müqayisəli araşdırmaya nəzər saldıqda bu nəticəyə gəlmək olar ki, hazırda ölkəmizdə təklif olunan qiymətlər xarici ölkələrdəki məşhur hotellərin Yeni il proqramı qiymət paketlərindən belə yüksəkdir.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az