“Avropa İttifaqının demokratiyaya, insan hüquqlarına, söz və mətbuat azadlığına selektiv yanaşmasını müşahidə edirik”.
Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında deyib.
“Dini konfessiyaların sıxışdırıldığı, söz və mətbuat azadlığının məhdudlaşdırıldığı, plüralist fikirlərin həbs edildiyi bir ölkə ilə - Ermənistanla bu gün Avropa İttifaqı strateji gündəmi yeni mərhələyə qaldırır. Bu Avropanın ümumi hərəkətlərinin demokratiya və universal dəyərlərə münasibətinin əslində universal dəyərlər əsasında formalaşdığını göstərmir, tam əksinə subyektiv və selektiv yanaşmanı nümayiş etdirir. Burada Avropa İttifaqı “xristian klubu” kimi çıxış edir. Yəni yeganə dəyər tərəfdaş ölkənin hansı sivilizasiyaya aid olması meyarları ilə ölçülür. Buna görə də hətta həbs edilmiş fərqli düşüncəli insanların sayının belə gizlədildiyi, dini inancına görə insanların həbsə atıldığı, 30 ildən çox qonşu ölkənin torpaqlarını işğal altında saxlayan və hər cür cinayət törədən bir ölkənin işğalçı mövqeyini nəzərə almadan Ermənistanla münasibətlərdə yeni gündəm yaradan strateji qərarlar qəbul etməyə hazırlaşır”.
Deputat bildirib ki, bütün bunlar Avropa Birliyinin bir daha universal dəyərlərə münasibətdə özünü ifşa etməsi hesab oluna bilər.
“Buna görə də atılan addımlar heç bir halda Avropaya tərəfdaş olan ölkələrin hamısı üçün ümumi yanaşma deyil. Burada ayrı-seçkilik var və çox təəssüf ki bu, müsbət mənada Ermənistana, mənfi mənada isə digər ölkələrə şamil edilir. Ona görə də bu cür addımlar atan zaman Avropa İttifaqı mütləq qəbul etdiyi nizamnamə prinsiplərinə, irəli sürdüyü və təbliğ etdiyi dəyərlərə uyğun hərəkət etməlidir. Əks təqdirdə, bu Avropa İttifaqının daha da nüfuzdan düşməsinə və tərəfdaşlarının sayının azalmasına gətirib çıxara bilər”.
Fidan Vəlisoy