Ermənistanda son dövrlərdə insan haqlarının kobud şəkildə pozulması və diktatura metodlarının tətbiqi, beynəlxalq aləmdə geniş tənqidlərə səbəb olub. Qərbin və Avropa İttifaqının bu hadisələrə qarşı susqunluğu, ölkədəki siyasi repressiyaların daha da şiddətlənməsinə yol açıb. Müxalifət tamamilə neytrallaşdırılarkən, liderlər və fəallar həbs edilib, jurnalistlər isə senzura və təzyiqlərlə üzləşib. Həmçinin, kilsəyə qarşı repressiv tədbirlərin tətbiqi, Ermənistanda demokratik dəyərlərin ciddi şəkildə zəifləmiş olduğunu göstərir.
Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında bildirib ki, bəzi Qərb dövlətləri və idarələri kimi Avropa İttifaqı da bu məsələlərə ikili yanaşma nümayiş etdirir:
“Bəzi məsələlərdə bir sıra Qərb dövlətlərinin və idarələrinin iki yanaşmasını müşahidə edirik. Qarabağ müharibəsi dövründə sə bu ikili yanaşma mövcud idi. Qərbdə də məsələlərə regional kontekstdən yanaşmağa çalışan dairələr var. Nəzərə alsaq ki, ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi proseslərə daha obyektiv yanaşmanın həyata keçirilməsinə imkan yaratdı”.
Deputat qeyd edib ki, regiondakı hadisələrə bəzən qlobal təşkilatlar və hakim dairələr tərəfindən birtərəfli və qərəzli yanaşmalar göstərilsə də, Azərbaycan hüquqi dövlət qurur və inkişaf modelini seçərək öz yoluna davam edir.
“Regionda baş verənlərə münasibət aspektindən biz bəzən fərqli yanaşmaları görürük. Bu, birmənalı şəkildə qlobal təşkilatların və hakim dairələrin regiondakı proseslərə birtərəfli və qərəzli yanaşmasının davam etməsi anlamına gəlir. Hər halda bu qərəzli yanaşmalara baxmayaraq Azərbaycan hüquqi dövlət quran və inkişaf etdirən ölkədir. Azərbaycan praktik olaraq hansı dairələri və hansı təşkilatlarla hansı münasibətlərin olmasından asılı olmayaraq inkişaf modelini seçib və bu yolla da davam edir”.
Fidan Vəlisoy