Ötən gün Bakıda İncəsənət Gimnaziyasının yaxınlığındakı yeraltı keçiddə eskalatorun dayanması nəticəsində insident baş verib. Hadisə zamanı bir neçə nəfər yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumatlarda eskalatorun qırılması iddia edilir.
Manset.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, eskalatorda hər hansı qırılma və ya sınma baş verməyib, qurğu tam işlək vəziyyətdədir. Agentliyin məlumatına görə, hadisə hava şəraitinin təsiri nəticəsində eskalatorun sürahisindəki xüsusi sensorun işə düşməsi səbəbindən qeydə alınıb:
“Hava şəraitinin təsirindən orada xüsusi sensor aktivləşib və sürahini saxlayıb. Həmin anda sürahidən tutan bir nəfər müvazinətini itirərək digərlərinin üstünə yıxılıb. Eskalatorun özü işləkdir, heç bir problem yoxdur" - deyə məlumatda qeyd olunub.