Məktəblərdə Yeni il şənliklərinin görünməyən tərəfi - Uşaqlarda travma yaradır

14:38 - 08 Dekabr 2025

Məktəblərdə Yeni il şənliklərinin görünməyən tərəfi - Uşaqlarda travma yaradır

Yeni il bayramı yaxınlaşır. Bununla əlaqədar bir çox məktəblərdə bu bayramı qeyd etmək üçün bahalı restoranlar planlaşdırılır, buna görə hər şagirddən 50-100 manat civarı pul yığılır. Buna imkanı olmayan ailələrin övladları isə ayrı-seçkiliyə məruz qalır.

Bayram şənliklərinin bu cür külli miqdarda pullar yığılaraq qeyd edilməsini düzgün hesab etmək olarmı? Bu, aztəminatlı və imkanlı ailələrin uşaqlarının psixologiyasına necə təsir edə bilər?

 

Mövzunun aktuallığını nəzərə alan Manset.az təhsil eksperti Elşən Qafarova məsələ ilə bağlı suallar ünvanlayıb. Ekspert bildirib ki, bu məsələlər daha çox ictimai anlaqlılıq əsasında həll olunmalıdır:


“Bildiyiniz kimi ümumitəhsil məktəblərində müəyyən bayramlar var ki, bunlar şagirdlər, valideynlər tərəfindən korporativ şəkildə qeyd olunur. Bunların içərisində xüsusilə, son zəng tədbiri, Yeni il və Novruz şənliyidir. Bu tədbirlərin qeyd olunması zamanı hər bir sinifin valideynləri öz aralarında toplaşaraq müəyyn edirlər bunu etmək üçün nəyə, nə qədər məbləğə ehtiyac olduğunu və bəzən bu nəinki xüsusi günlərdə, hətta şagirdlərin müxtəlif məkanlara gəzintilərinin, ekskursiyalarının baş verdiyi zamanlarda da olur.Təbii ki, bunlar hər biri müəyyən xərc tələb edir. Buna görə də yalnız buna imkanı olan şagirdlər iştirak edə bilir. Belə tədbirlər iki formatda ola bilər - həm məktəb daxilində, həm də məktəbdən qıraq müəyyən restoran və ya əyləncə, istirahət mərkəzlərində. Məktəb keçirilən forma tamamən xərcsiz və ya minimal xərclə, çox böyük təmtəraq olmadan həyata keçirilə bilər. Burada hər bir şagirdin iştirakı vacibdir. Lakin məktəbdən kənar məkanlarda keçirilən belə tədbirlər müəyyən qədər böyük məbləğ tələb etdiyinə görə, bəzi aztəminatlı ailələrin uşaqlarının iştirakı istisna olur. Bu valideynlərin şəxsi işi hesab olunur, məktəb və yaxud müəllimlər buna müdaxilə etmirlər.  Əgər sinfin valideynləri nisbətən imkanlı valideynləri yardımlaşaraq aztəminatlı ailələrin uşaqlarının da həmin tədbirlərdə iştirakını təmin edərlərsə, hər hansı problem yaranmaz. Lakin bunu təşkil etməyən siniflər də varsa, təbii ki, onları da qınaya bilmərik”.

Psixoloq Aytən Ələkbərova da müxtəlif bayram tədbirlərinin məktəblərdə kütləvi şənliklər formasında keçirilməsinin məktəblilər üçün psixoloji baxımdan da məqsədəuyğun olduğunu düşünür: 


“Əvvəlki illərdə məktəblərdə keçirilən tədbirlər, eləcə də, Yeni il şənlikləri həmçinin sinifdə olan birliyin göstəricisi idi. Demək olar ki, bu gün hər bir valideyn çalışır ki, övladını bu şənliklərdən geridə tutmasın. Lakin bəzi uşaqlar məhz bu səbəbdən ailədə yaranan söz-söhbətlərdən, borclanmalardan özlərini günahkar tuturlar və danışarkən də bildirirlər ki, bu söz-söhbətlər mənə görə oldu. Kiçik və yeniyetməlik yaş dövründə bunlar baş verdikdə artıq uşaqlarda müəyyən dərketmələr yaranır və bu dərketmələrin içərisində bir ömür boyu günahkarlıq yaranır. Hətta bəzi valideynlər “sənə görə aramızda problem yarandı”, “sənə görə borca düşdük” və s. tipli cümlələri ilə bunu birbaşa uşağa yansıdırlar. Bu formada yüklənmələr təbii olaraq gələcəkdə ailəyə qarşı soyuq münasibətin yaranmasına gətirib çıxara bilər. Əlavə olaraq, belə gəzinti, ekskursiya və şənliklərdə iştirak edə bilməyən uşaqlarda da əskiklik və aşağılanma duyğuları da aktivləşir. Buna görə də, belə bayramların qeyd olunması üçün məktəblərdə kütləvi tədbirlərin keçirilməsi daha məqsədəuyğun hesab oluna bilər. Belə şənliklərdə uşaqlar həm öz bacarıqlarını - şeir demək, mahnı oxumaq, müxtəlif incəsənət nümunələri düzəltmək və s. nümayiş etdirə bilərlər, həm də çəkinmədən bu şənliklərdə problemsiz şəkildə iştirak edə bilərlər”.

Aytən Ələkbərova son olaraq vurğulayıb ki, əks təqdirdə yeni nəsildə yaranacaq günahkarlıq duyğusunun bədəli gələcəkdə bizim üçün daha ağır ola bilər.

 

Fidan Vəlisoy

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az