Azərbaycanın bir sıra regionlarında ictimai nəqliyyat məsələləri ilə bağlı əhali müəyyən çətinliklər yaşayır. Müntəzəm taksi xidmətinin mövcud olmaması bu çətinlikləri daha da artırır. Əhali qeyri-müntəzəm formada fəaliyyət göstərən yerli taksilərdən istifadə etmək məcburiyyətində qalır. Bu problemlərin həlli yolunda paytaxtda fəaliyyət göstərən xarici taksi şirkətlərinin arealı genişləndirilərək regionları da əhatə edə bilər?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Manset.az-a açıqlamasında bildirib ki, bu məsələ əsasən tələbata uyğun formalaşır. Belə ki, regionlarda yaşayan əhalinin bir hissəsi taksi fəaliyyəti ilə məşğul olur və yerdə qalan əhali də daha ucuz qiymətə bu taksilərdən istifadə edir. Burada xarici taksi şirkətlərinin fəaliyyəti və yerli taksilərə qoyula biləcək məhdudiyyətlər nə region əhalisinə, nə də sözügedən taksi şirkətlərinə sərf edər:

“Taksilərin regionlarda fəaliyyətə başlaması burada yaşayan əhali üçün “qara xəbər” ola bilər. Çünki bu ərazilərdə fəaliyyət göstərən yerli taksilərin qiymətləri kifayət qədər aşağıdır və bu ərazilərdə taksi fəaliyyəti ilə məşğul olan şəxslər gündəlik tələbatlarını belə ödəyə bilmirlər. Regionda taksi fəaliyyəti ilə məşğul olan şəxslər yetərincə çoxdur, bu baxımdan düşünmürəm ki insanlar bu məsələ ilə bağlı əziyyət çəkir. Buna görə də, mən paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinin əhatə dairəsini genişləndirərək bölgələrə də yayılmasına razı deyiləm.
Ekspert qeyd edib ki, digər bir məsələ isə rayonlarda taksilərin fəaliyyətinin bərpasının yerinə marşrut xətlərinin təkmilləşdirilməsidir:
“Rayonlarda taksilərin fəaliyyətindən çox avtobus tənzimləmələrinin, avtobusların hərəkət qrafikinin daha da sıxlaşdırılması, yeni marşrutların alınması və istismara verilməsi daha vacib görünür. Əks halda xarici taksi şirkətlərinin regionlarda fəaliyyətinin təmin edilməsində mən yüksək perspektiv görmürəm”.
Fidan Vəlisoy