Son dövrlərdə İranda baş verən gərginliklər və artan beynəlxalq narahatlıqlar fonunda, ABŞ-ın İranı hərbi əməliyyatla hədəfə alacağına dair məlumatlar geniş yayılıb. Bu məsələnin yalnız regionda deyil, bütün dünyada ciddi narahatlığa səbəb olması, qlobal təhlükəsizlik mühitini daha da qeyri-müəyyənləşdirib. İranın daxili vəziyyəti və ABŞ-ın bu vəziyyətə reaksiyası, beynəlxalq aləmin diqqət mərkəzində qalmaqdadır.
Bəs ABŞ həqiqətən də İranı vuracaqmı? Əgər ABŞ bunu etməyə qərar verərsə, hara üzərindən edəcək?
Politoloq Samir Hümbətov Manset.az-a açıqlamasında bildirib ki, ABŞ üçün hərbi müdaxilə ehtimalı mövcuddur. Bunu ABŞ da açıqlayıb.

“Son vaxtlar münasibətlər çox gərgindir, əslində, bu tək İran-ABŞ məsələsi və yaxud da İran-İsrail-ABŞ məsələsi deyil. Artıq burada ciddi bir cəbhələşmə var. Rusiya və Çin ciddi narazılıq edir, çünki ABŞ-ın Venesuela məsələsindən sonra artıq Çin və Rusiya da başa düşür ki, ABŞ artıq İrana da qarşı hansısa təzyiqi göstərə bilər. Amma hələ ki bundan danışmaq tezdir. Çünki İrandakı mövcud hökümət ölkə daxilindəki vəziyyətin necə olduğunu bilir və istəmir ki, ABŞ-la qarşı-qarşıya gəlsin. ABŞ-ın əlində olan silah sənayesi, texnologiya İranda yoxdur. Əgər ABŞ İranı vurmaq istəsə, təbii ki, rejimin güclü olduğu yerləri vuracaq. Düşünmürəm ki, sivil yaşayış yerlərini vuracaq, böyük ehtimal legitim hərbi hədəfləri sıradan çıxaracaq, hansı ki, o yerlər molla rejiminin əsas dayaqlarıdır. Böyük ehtimal ki, inqilab keçidləri korpusunun qərargahı vurula bilər, Rasizm qərargahı vurula bilər, SEPAH komandanlığının qərargahı vurula bilər. Çünki bunlar hər biri rejimin ayaqda qalmasına xidmət edir. Amma düşünmürəm ki, bu, Türkiyənin üzərindən edilsin. Türkiyənin özü də buna icazə verməz. Ola bilsin ki, dəniz üzərindən bu proses həyata keçirilsin. Lakin təbii ki, bu sadəcə bir ehtimaldır, dəqiq formada bu proqnozlaşdırıla bilməz”.
Politoloq qeyd edib ki, ABŞ-ın hər hansısa bir yolla İrana müdaxilə etməsi mümkündür, amma bu müdaxilənin necə bir müdaxilə olacağını İranın son addımları müəyyən edəcək:
“ABŞ-ın İranı qətiyyən vurmayacağını demək də doğru deyil, çünki artıq bir dəfə - ötən il iyun ayında bunu test edib. Bununla da vəziyyətin hansı istiqamətdə dəyişdiyini görə bildik. Tramp ziddiyətli fikirlərə malikdir. Ona görə də onun nə edəcəyini müəyyənləşdirmək mümkün deyil. Hesab edirəm ki, əgər İran ABŞ-ın istək və təkliflərini qəbul etməsə, bu ciddi problemə çevrilə bilər”.
Samir Hümbətov əlavə olaraq deyib ki, İrana qarşı ciddi bombardıman olduğu halda, orada yaşayan soydaşlarımız tərəfindən Azərbaycana və Türkiyəyə böyük axın baş verə bilər:
“Artıq İranda Azərbaycan türklərinin Türkiyə ərazisinə köçü başlayıb. Belə olan halda Azərbaycana da gəlmək istəyən olsa, biz qapıları açmaq və onları qəbul etmək məcburiyyətindəyik. Bunu da heç bir formada rədd etmək olmaz. Çünki onlar bizim soydaşlarımız sayılırlar və onları çətin vəziyyətdə qoya bilmərik. Təbii ki, bu elə də asan məsələ deyil, çətin prosesdir. Bu səbəbdən də İranın vurulması regionu heç də yaxşı nəsə vəd etmir”.
Fidan Vəlisoy