Hövsanda keçirilən U-15 dünya çempionatı üçün inşa edilən 10 futbol meydançasından ibarət kompleksin turnirdən sonrakı fəaliyyəti maraq doğurur. Çempionat başa çatdıqdan sonra meydançaların hansı məqsədlə istifadə ediləcəyi, eləcə də vətəndaşların istifadəsinə verilib-verilməyəcəyi suallar yaradır.
Mövzu ilə bağlı Manset.az-ın sorğusuna cavab olaraq AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, Hövsan Yarış Kompleksinin fəaliyyəti yalnız U-15 dünya çempionatı ilə məhdudlaşmayacaq. Kompleksin gələcəkdə uşaq futbolunun və milli komandaların inkişafına xidmət edən əsas mərkəzlərdən birinə çevrilməsi nəzərdə tutulur.
"Hazırda kompleksdə müvafiq işlər davam etdirilir. Yaxın gələcəkdə uşaq futbolunun buraya köçürülməsi, aşağı yaş qrupları üzrə milli komandalarımızın təlim-məşq toplanışlarının və aşağı liqaların oyunlarının bu ərazidə təşkili planlaşdırılır.
Bununla yanaşı, perspektivdə A milli komandamız üçün də burada ayrıca məşq bazasının tikintisi nəzərdə tutulur. Əsas məqsədimiz Hövsan Yarış Kompleksini futbolumuzun inkişafına uzunmüddətli töhfə verəcək müasir futbol mərkəzinə çevirməkdir”, – deyə qurumdan bildirilib.
Fidan Vəlisoy