Prezidentə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

17:20 - 13 Fevral 2024

Prezidentə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Manset.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək dost ölkələrimizi birləşdirən sıx əlaqələrdən məmnunluğumuzu ifadə edirəm. Bu əlaqələrin ölkələrimizin ortaq mənafeyi naminə daha da inkişaf etdirilməsi və gücləndirilməsinə olan əzmimizi bir daha vurğulayıram.

Zati-aliləri, Sizə cansağlığı və uğurlar, Azərbaycan Respublikasına və xalqına davamlı inkişaf və tərəqqi arzulayıram.

Dərin hörmət və ehtiramımı qəbul edin".

14:57

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Manset.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

İlk dəfə olaraq seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qardaş Azərbaycanın bütün ərazisində keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Xalqın rifahına və ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə bu şərəfli vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə və siyasi kursunuza olan etimadının bariz nümunəsidir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar diləyirəm".

12:52

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Manset.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Zati-alinizə inamının bir daha təsdiqi münasibətilə Sizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunluq hissi duyuruq.

Bəhreyn Krallığı və Azərbaycan Respublikası arasında bizim də diqqət yetirdiyimiz və yüksək dəyərləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ölkələrimiz və xalqlarımızın maraqları naminə bu əlaqələri bütün sahələrdə möhkəmləndirmək istiqamətində Zati-alinizlə işləməyə ümidvarıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

11:31

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Manset.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Maya Sandu İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az