"Azərbaycan–İran münasibətləri
tarixi köklərə, mədəni və dini ortaq dəyərlərə əsaslanır. İki ölkə arasında
diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, regionda baş verən geosiyasi
dəyişikliklər bu əlaqələrin zaman-zaman müxtəlif dinamikada inkişaf etməsinə
səbəb olub. İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın ilk xarici
səfərlərindən birini Azərbaycana etməsi, rəsmi Tehranın Bakı ilə münasibətlərə
verdiyi əhəmiyyətin bariz göstəricisidir. Azərbaycan və İran arasında
münasibətlərin möhkəm tarixi və mədəni təməlləri, bu ölkələr arasında strateji
əməkdaşlığın inkişafına əlverişli zəmin yaradır".
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Millət vəkili vurğulayıb ki, 2025-ci il aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yalnız diplomatik deyil, həm də iqtisadi, humanitar və təhlükəsizlik sahələrində dərinləşdiyini göstərən mühüm hadisə kimi yadda qaldı:
"Azərbaycan Prezidenti İlham Əliyev bu səfəri əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirərək bildirdi ki, bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Azərbaycan
və İran uzun illərdir ki, BMT, İƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama
Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək siyasəti
həyata keçirir. Bu əməkdaşlıq beynəlxalq hüququn əsas prinsiplərinə –
suverenlik, daxili işlərə qarışmama və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər regionda
geosiyasi sabitliyin qorunması və əməkdaşlıq modellərinin təşviqi baxımından
strateji əhəmiyyət daşıyır. İndiyədək Azərbaycan və İran arasında müxtəlif
sahələri əhatə edən 147 sənəd imzalanıb. İran Prezidenti Məsud Pezeşkianın
Azərbaycana rəsmi səfəri bu münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyinin
göstəricisidir. Səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanmış
sənədlər, iki dövlətin uzunmüddətli əməkdaşlıq niyyətinin hüquqi, siyasi və
iqtisadi əsaslarını daha da möhkəmləndirdi".
V.Qafarov qeyd edib ki, Şimal–Cənub nəqliyyat dəhlizi layihəsi Azərbaycan və İran üçün strateji əhəmiyyətə malik olmaqla yanaşı, regionun tranzit potensialını genişləndirən çoxşaxəli layihədir:
"Prezident İlham Əliyev mətbuata verdiyi bəyanat zamanı qeyd etdi ki,
Azərbaycan
öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi
infrastruktur layihələrini həyata keçirib. Hazırda Azərbaycan sadəcə olaraq,
artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarını və infrastrukturunu
genişləndirir. İmzalanmış 2025–2028-ci illər üçün
Mədəni Mübadilə Proqramı, təhsil, mədəniyyət, incəsənət və KİV sahəsində
əməkdaşlıq platformalarının formalaşdırılmasını nəzərdə tutur. Bu isə regionda
informasiya təhlükəsizliyinin təmin edilməsində və mədəni diplomatiyanın
inkişafında vacib rol oynayır.
İki
ölkə rəhbərləri arasında keçirilən danışıqlarda regionda sülh və təhlükəsizlik
məsələləri də müzakirə olundu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan
İranla mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında
münasibətlərin inkişafına daim sadiqdir. Səfər çərçivəsində imzalanmış sənədlər
iki ölkə arasında əməkdaşlığın konkret istiqamətlər üzrə inkişafına zəmin
yaradır.
İran
Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri Azərbaycan-İran
münasibətlərinin inkişafında yeni bir səhifənin açılmasına şərait yaradır.
İmzalanan sənədlər, razılaşdırılmış əməkdaşlıq istiqamətləri və tərəflər
arasında yaranmış etimad mühiti, regionda sabitliyin və dayanıqlı inkişafın
təmin olunmasına yönəlib. Bu baxımdan, səfərin nəticələri təkcə ikitərəfli
münasibətlərin deyil, eyni zamanda Cənubi Qafqaz və Yaxın Şərq bölgəsində
geosiyasi tarazlığın qorunmasına və inteqrasiya təşəbbüslərinin həyata
keçirilməsinə mühüm töhfə verəcək. Danışıqların səmimi atmosferi göstərdi
ki, hər iki tərəf uzunmüddətli əməkdaşlığı prioritet hesab edir və bu istiqamətdə
konkret addımlar atır. Hesab edirəm ki, bu
səfər Azərbaycan-İran münasibətlərinin inkişafında çox önəmli rol oynayacaq. Bakıda
qəbul edilən qərarlar Azərbaycan-İran münasibətlərində yeni mərhələ olacaq və
iki ölkə arasında əlaqələri yüksələn xətlə irəliyə aparacaq".