Prezident İlham
Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə Azərbaycan
ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan yeni geosiyasi reallıqları, əməkdaşlığın
strateji dərinliyini və türkdilli dövlətlərin müasir beynəlxalq sistemdə artan
rolunu nümayiş etdirir. Dövlət başçısının fikirləri göstərir ki, Azərbaycan və
Mərkəzi Asiya ölkələri vahid tarix, mədəniyyət, coğrafiya və geosiyasi maraqlar
əsasında formalaşan, strateji əhəmiyyəti getdikcə artan bir məkan yaradır. Xəzər
dənizinin fiziki ayırıcı deyil, əksinə, birləşdirici faktor kimi qeyd olunması
bu əməkdaşlığın təbii əsaslara söykəndiyini təsdiqləyir. Prezident İlham
Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə artıq üçüncü dəfə
iştirak etməsi regionun Azərbaycana verdiyi yüksək dəyərin bariz nümunəsidir.
Bunu Manset.az-a Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə, dövlət başçısının müsahibəsi göstərir ki, ölkələrimizi birləşdirən yalnız coğrafiya deyil, həm də ortaq mədəniyyət, dini-mənəvi dəyərlər, adət-ənənələrdir və məhz bu ortaq irs siyasi tərəfdaşlıq üçün möhkəm baza yaradır:
"Son illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçılarının Azərbaycana təxminən 30 səfər etməsi və Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 13 səfər etməsi tərəfdaşlığın hansı sürətlə dərinləşdiyini nümayiş etdirir. Orta Dəhliz boyunca artan nəqliyyat və ticarət axını isə bu coğrafiyanın geoiqtisadi çəkisini daha da artırır.
Müsahibədə Azərbaycan–Özbəkistan münasibətləri ayrıca diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasındakı əlaqələr qardaşlıq, etimad və şəxsiyyətlərarası dostluq üzərində qurulmuş nümunəvi müttəfiqlik modelidir. Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün sahələrdə misilsiz dinamika yaradıb. Son bir il yarımda beş qarşılıqlı səfərin baş tutması bu əməkdaşlığın miqyasını göstərir. Müttəfiqlik haqqında Müqavilə, Strateji tərəfdaşlığın möhkəmləndirilməsi Bəyannaməsi və 2025–2029-cu illəri əhatə edən “Yol xəritəsi” kimi sənədlər münasibətləri institusional səviyyədə yeni mərhələyə qaldırır.
Qarabağın bərpasına
Özbəkistanın verdiyi dəstək, xüsusən Füzulidə Mirzə Uluqbəy adına məktəbin
inşası Azərbaycan üçün təkcə humanitar yardım deyil, dostluğun və sadiqliyin
tarixi nümunəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin bunu xüsusi
vurğulaması Özbəkistanın bu prosesdə oynadığı unikal rola verilən yüksək dəyəri
ifadə edir.
İqtisadi əməkdaşlıq
sahəsində əldə olunan nəticələr də bir o qədər təsirlidir. 2024-cü ildə ticarət
dövriyyəsinin 252 milyon dollar, 2025-ci ilin ilk doqquz ayında isə 319 milyon
dollara çatması münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.
Ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin
yaradılması isə iki ölkənin təkcə bir-biri ilə deyil, üçüncü ölkələrdə də birgə
iqtisadi fəaliyyətini mümkün edir. Xankəndidə birgə yaradılmış tikiş fabriki həm
iqtisadi, həm də humanitar baxımdan xüsusi rəmzi əhəmiyyət daşıyan layihə kimi
ön plana çıxır.
Nəqliyyat və
logistika sahəsində əməkdaşlıq da böyük strateji dəyər kəsb edir. Orta Dəhliz
üzrə daşımaların 2024-cü ildə 18 faizdən çox artması və 1,3 milyon tonu keçməsi
Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün əvəzedilməz tranzit mərkəzinə
çevrildiyini göstərir. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir
yolu və 9 beynəlxalq hava limanı ölkəmizin qlobal nəqliyyat xəritəsində
mövqeyini möhkəmləndirir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması isə region ölkələri
üçün yeni mərhələ və əlavə imkanlar yaradacaq.
Enerji sektorunda əməkdaşlıq,
o cümlədən SOCAR-ın Özbəkistanla birgə layihələri, eləcə də Azərbaycan–Qazaxıstan–Özbəkistan
xəttində enerji inteqrasiyasına dair imzalanmış sənədlər regionun enerji təhlükəsizliyini
və yaşıl enerji transformasiyasını dəstəkləyir.
Mədəni-humanitar sahədə
əməkdaşlığın gücləndirilməsi xalqlar arasında yaxınlığı daha da artırır və bu
istiqamətdə keçirilən Mədəniyyət Günləri, “Şuşa günləri”, elm və humanitar
forumlar ortaq dəyərlərin paylaşılması baxımından xüsusi önəm daşıyır. İsmayıllı-Riştan,
Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan,
Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında
qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub. Bu cür regionlararası əlaqələrin
fəallaşması xalqların yaxınlaşmasına, təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın
mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə kömək edir, bu da öz növbəsində,
regional inteqrasiyanın sosial bazasını formalaşdırır. Daşkənddə Heydər Əliyev
meydanı və Bakıda “Özbəkistan” parkının yaradılması xalqların qardaşlığının əbədi
rəmzidir.
İdman və media sahələrində
də əməkdaşlıq yeni səviyyəyə yüksəlib. Azərbaycan və Özbəkistanın 2027-ci il
U-20 Dünya Çempionatını birgə keçirməsi Türk dünyasının həmrəyliyinin idman sahəsindəki
ən böyük qlobal nailiyyətlərindən biridir. Media və QHT forumlarının təşkili isə
informasiya, ictimai dialoq və vətəndaş cəmiyyəti əlaqələrinin dərinləşməsinə
xidmət edir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsi ümumilikdə göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır, həm Türk Dövlətləri Təşkilatında, həm də qlobal platformalarda qarşılıqlı dəstəklə daha güclü regional blokun əsasını formalaşdırır. Bu münasibətlər Türk dünyasının gələcək onilliklərdə qlobal siyasətdə vahid aktor kimi çıxış etməsi istiqamətində strateji yol xəritəsi rolunu oynayır".