“Ramiz Mehdiyev–Əli Kərimli–Milli Şura antidövlətçilik xəttinin iflası və ifşası Azərbaycanın siyasi sisteminə qarşı planlaşdırılan təxribatların mahiyyətini açıq şəkildə göstərdi. Bir vaxtlar hakimiyyət strukturlarında mühüm rol oynayan, lakin sonradan siyasi meydanda öz təsir imkanlarını itirən Ramiz Mehdiyev üçün kənardan prosesləri manipulyasiya etmək əsas hədəfə çevrilmişdi. Əli Kərimli isə uzun illərdir reallıqlara uyğunlaşmayan, cəmiyyətdən dəstək görməyən müxalifət iddiasını yalnız belə ittifaqlarla davam etdirməyə çalışırdı. Nəticədə bu iki fiqur və “mifik struktur” arasında yaranan siyasi simbioz ölkədə qeyri-sabitlik yaratmaq, hakimiyyətə təzyiq göstərmək və nəhayət, dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək planlarının mərkəzinə çevrildi”.
Manset.az xəbər verir ki, Milli Məclisin deputatı Kamaləddin Qafarov son dövrdə ölkədə ifşa edilən antimilli qaragüruhu belə dəyərləndirib.
Onun fikrincə, Cəmi Həsənlinin rəhbərlik etdiyi Milli Şura layihəsi həmin planın ön səhnəsi idi. Formal olaraq müxalifət koalisiyası kimi təqdim olunan bu qurum, əslində, daxildən iflasa məhkum idi. Çünki qurumun siyasi xəttini və qərarlarını müəyyən edən şəxslərin real ictimai dayaqları yox idi. Milli Şura adına keçirilən mitinqlərin ardınca Ramiz Mehdiyevin kənardan diktə etdiyi digər tələblər və Əli Kərimlinin bu tələblərə kor-koranə əməl etməsi faktiki olaraq “icraçı-sifarişçi” modelini formalaşdırmışdı. Mehdiyev mitinqlərin davamlı olmasını, kütlənin küçələrə çıxarılmasını, sosial gərginliyin artırılmasını tələb edir, Kərimli isə bu prosesin önündə gedən əsas fiqur kimi təqdim olunurdu. Əslində isə, icra edilən planın arxasında qara qüvvələrin ölkədə xaos yaratmaq və siyasi sistemi təzyiq altında saxlamaq niyyəti dururdu. Əlbəttə ki, bu niyyət Mehdiyev – Kərimli alyansının sadəcə iqtidara qarşı deyil, bütün Azərbaycan xalqına açıq-aşkar düşmən mövqelərini ortaya qoyur.
Əli Kərimlinin “Qafqaz baharı” ssenarisi də bu kontekstdə diqqət çəkir. O, regionda baş verən geosiyasi dəyişikliklərin Azərbaycanda da analoji proseslər doğura biləcəyini düşünərək kənar güclərin dəstəyi ilə çevrilişə bənzər prosesləri stimullaşdırmağa çalışırdı. Bu məqsədlə Rusiyadakı müəyyən qruplar, həmçinin diaspora vasitəsilə maliyyə və informasiya dəstəyi təmin olunurdu. AXCP və Milli Şura xəttinin Rusiyadakı bir qisim azərbaycanlılar tərəfindən maliyyələşdirilməsi, bəzi şübhəli kanallarla əlaqələrin mövcudluğu artıq uzun müddətdir ictimai müzakirələrdə yer alırdı. Bu mexanizm həm siyasi, həm də media təsirinin xaricdən yönləndirildiyini aşkar şəkildə göstərirdi.
Mehdiyev və Kərimlini birləşdirən keçmiş əlaqələr də təsadüfi deyildi. Uzun illər ərzində eyni siyasi çevrədə fəaliyyət göstərmiş bu şəxslər sonradan müxtəlif səbəblərlə fərqli mövqelərə keçsələr də, hakimiyyətə münasibətdə ortaq narazılıq onların yollarını yenidən birləşdirdi. “Boz kardinal” obrazı ilə tanınan Ramiz Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi və proseslərin koordinasiyası barədə yayılan məlumatlar bu ittifaqın
xəyanətkar mahiyyətini bir daha üzə çıxarır.Ehtimal etmək olar ki, istintaq nəticəsində bu şəxslərin həmçinin 1991-1992-ci illərdə Azərbaycanın vətəndaş müharibəsi astanasına gətirilməsində də aparıcı rol oynadıqları aşkar edilə bilər. Bu gün ölkədə daxili sabitliyi sarsıtmağı, cəmiyyətdə qütbləşmə yaratmaqla dövlətin idarəetmə sistemini zəiflətməyi və beynəlxalq imicini zədələməyi özlərinə hədəf olaraq seçən düşmən ünsürlərin o keşməkeşli illərdə ölkəni parçalayaraq marionet dövlətçiklərə ayırmaq kimi niyyətlərinin olması artıq heç kimi təəccübləndirməz.
Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Moskvanın Cənubi Qafqazdakı təsirini bərpa etmək planları da bu kontekstdə təsadüfi deyil. Çünki prosesin əsas daşıyıcılarından biri kimi AXCP-nin öndə getməsi, Mehdiyevin isə köhnə əlaqələrindən istifadə etməsi ehtimalı ciddi təhlükə yaradırdı. Lakin cəmiyyətin yetkinliyi, dövlət institutlarının gücü və milli həmrəylik Azərbaycanda belə avantürist planların reallaşmasını mümkünsüz edir. Mehdiyev–Kərimli ittifaqının iflası isə bir daha göstərdi ki, xəyanət üzərində qurulan heç bir siyasi strategiya uzunömürlü ola bilməz. Bu cür cəhdlərin vaxtında aşkarlanması da dövlətçiliyin möhkəmlənməsi və ölkənin sükanının etibarlı əllərdə olması qənaəti baxımından mühüm əhəmiyyət daşıyır.