"2 Fevral Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının, gələcəyə inamın rəmzidir. Bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən təsis edilmiş və həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq məhz Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd olunmağa başlanmışdır".
Bunu Manset.az-a Milli Məclisin deputatı Vasif Qafarov deyib. Onun sözlərinə görə,Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi
adlandırır, onların fiziki cəhətdən sağlam, yüksək bilik və şüura, yüksək əxlaq
və tərbiyəyə malik olmasını dövlətin əsas məqsədlərindən biri kimi dəyərləndirirdi: "“Bizim xalqımızın gələcəyi gənclərdir… Gənclər gərək həm fiziki cəhətdən sağlam
olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə,
yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”
Ulu Öndərin hakimiyyətə qayıdışından sonra gənclərə
diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və gənclərlə
iş sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi
yaradıldı. Ulu Öndərin gənclərlə bağlı imzaladığı sənədlər respublikanın
ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər
siyasətinin məqsəd, prinsip və istiqamətlərini, eləcə də təşkilati-hüquqi əsaslarını
müəyyən etdi.
Uğurlu təcrübələrin davam etdirilməsi və inkişafı
bu siyasətin mühüm tərkib hissəsi oldu. Gənclərin xaricdə təhsil alması ənənəsi
bərpa edildi, minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ölkələrində təhsil
alması təmin olundu, istedadlı gənclərin təhsilə marağını artırmaq üçün ali məktəblərə
yüksək balla qəbul olunan gənclərə “Prezident təqaüdü” verilməsi təşəbbüsü irəli
sürüldü.
Gənclərin təşkilatlanması və ictimai proseslərdə fəallığının
artırılması məqsədilə Azərbaycan gənclərinin forumlarının keçirilməsinə
başlanıldı və ilk forumda gənclər qarşısında tarixi bir vəzifə qoyuldu: “Hər
bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu
günü, gələcəyi haqqında düşünməlidir.”
İstedadlı gənclərə dövlət qayğısının institusional əsaslarla
təmin edilməsi məqsədilə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı
haqqında” Fərman imzalandı, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” təsis
edildi və bu kitaba adı yazılan gənclər üçün xüsusi təqaüd müəyyən olundu. Gənclər
siyasətinin sistemli şəkildə həyata keçirilməsi üçün “Dövlət gənclər siyasəti
haqqında” Fərman imzalandı, tədbirlər planı təsdiq edildi və gənclərin problemləri
üzrə elmi araşdırmalar mərkəzi yaradıldı. Daha sonra “Gənclər siyasəti
haqqında” Qanun qəbul edilərək bu sahənin hüquqi əsasları müəyyənləşdirildi.
Ulu Öndərin gənclər siyasətində vətənpərvərlik
amili xüsusi yer tuturdu. O, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini
vurğulayaraq gənclərin bu müstəqilliyi qorumağı və möhkəmləndirməyi özlərinin əsas
vəzifəsi hesab etməli olduqlarını bildirirdi. Eyni zamanda, hərbi xidmətin gəncin
vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını qeyd edir, orduda xidmət etməyi
müqəddəs borc və şərəfli vəzifə kimi dəyərləndirirdi".
Deputat qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir:
"Dövlət gənclərə ən yüksək diqqət və qayğı göstərərək
onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradır. Prezident İlham Əliyev
gənclərin imkanlarının daha geniş olduğunu vurğulayaraq onların bu imkanlardan
səmərəli istifadə etməli olduqlarını bildirir: “İndiki gənclər üçün imkanlar
daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər… Gənclər həm öz gələcək
həyatını düzgün müəyyən etmək, həm də dövlətə maksimum xeyir vermək üçün fəal
olmalıdırlar.”
Dövlətin gənclərə dəstək və diqqətinin nəticəsi
olaraq gənclər arasında özünəinam güclənir, onların potensialının gerçəkləşməsi,
savadlı kadr kimi yetişməsi və sosial təminatının yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər görülür. “Gənclər ili”nin elan olunması, “Gənclər evi” şəbəkəsinin
genişləndirilməsi, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident
Mükafatı”, “Yüksəliş” müsabiqəsi və müxtəlif dövlət proqramları bu siyasətin
bariz nümunələridir.
Vətən müharibəsi dövründə gənclərimiz həm döyüş
meydanında, həm də informasiya müharibəsinin ön cəbhəsində fəallıq göstərərək
Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadılar. Onların
rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa
etdi və müstəqil Azərbaycanın gücünü bir daha nümayiş etdirdi".