Azay Quliyevdən İTV-yə ÇAĞIRIŞ

16:06 - 02 Fevral 2026

Azay Quliyevdən İTV-yə ÇAĞIRIŞ

Azay Quliyev İctimai Televiziyanın fəaliyyətinə dair təkliflərlə çıxış edib.


Manset.az xəbər verir ki, fevralın 2-də Milli Məclisin plenar iclasında deputat Azay Quliyev İctimai Televiziyanın (İTV) Yayım Şurasının yeni seçiləcək üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Deputat çıxışında İctimai Televiziyanın son illər ərzində keçdiyi inkişaf yolunu müsbət qiymətləndirib. Onun sözlərinə görə, İTV-nin texniki imkanları genişlənib, yayım keyfiyyəti yüksəlib, ictimai-siyasi və sosial-mədəni məzmunlu layihələrin sayı artıb. Azay Quliyev “Sabaha saxlamayaq”, “Aydınlıq” və “Ötən Günlər” kimi verilişləri xüsusi qeyd edib.

Bununla yanaşı, deputat bəzi mövzuların epizodik deyil, sistemli və məqsədyönlü şəkildə müzakirə olunmasının vacibliyini vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin irəli sürdüyü əsas milli ideya və gələcək inkişaf hədəfləri ilə bağlı çağırışlar cəmiyyət daxilində davamlı ictimai müzakirə predmetinə çevrilməlidir. Azay Quliyev hesab edir ki, İctimai Televiziya bu istiqamətdə ardıcıl debatlar və müzakirələr təşkil edə bilər.

Deputat Azərbaycan dilinin yad təsirlərdən qorunması məsələsinə də toxunub. O, dilin saflığını pozan ifadələr, yol verilən səhvlər və müasir dövrdə qaçılmaz olan xarici anlayışların Azərbaycan dilində adekvat qarşılıqlarının müəyyənləşdirilməsi mövzusunda televiziya və radio proqramlarına ehtiyac olduğunu bildirib. Bu müzakirələrə dilçi alimlərin, filoloqların və media nümayəndələrinin cəlb olunmasını təklif edib.

Çıxışında 2 fevral – Gənclər Günü münasibətilə gəncləri, xüsusilə gənc hərbçiləri və qaziləri təbrik edən Azay Quliyev gənclərin sağlam, məsuliyyətli və vətənpərvər vətəndaş kimi formalaşmasının vacibliyini qeyd edib. O, yeniyetmə və gənclər arasında sosial şəbəkələrə həddindən artıq asılılıq, dezinformasiya və “deepfake” kimi rəqəmsal risklərin artdığını diqqətə çatdırıb.

Deputat bu baxımdan İctimai Televiziyada gənclərin iştirakı ilə mütəmadi debatların və maarifləndirici proqramların hazırlanmasını məqsədəuyğun hesab edib. Onun sözlərinə görə, bu cür verilişlər gənclərə rəqəmsal təhlükələrdən qorunma yollarını daha anlaşılan dildə izah etməyə imkan verər.

Azay Quliyev bildirib ki, İctimai Televiziyanın bu məsələlərin həlli üçün kifayət qədər texniki və intellektual potensialı mövcuddur və təkliflərin nəzərə alınacağına ümid etdiyini deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az