“Əlbəttə ki, hər şey gündəlikdən asılı olacaq. Bildiyiniz kimi, birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır”.
Manset.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsi zamanı yeni dünya nizamı haqda danışarkən deyib.
Dövlət başçısı vurğulayıb ki, artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər:
“Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”.