"Qarabağa qayıdan keçmiş məcburi köçkünlərin evlərinin özləri tiksin".
Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
R. Nurullayev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür. Evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır. Amma, dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzun müddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir.
“Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır”.
Deputat vurğulayıb ki, köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır.
“Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək”.
Qarabağı yalnız dövlət layihələri üzərindən bərpa etmək mümkün deyil. Bu bölgə dövlətin nəzarəti altında, amma real şəkildə özəl sektora açılmalıdır. Kiçik və orta sahibkarlıq üçün daha münasib və süründürməçilikdən uzaq şərait, uzunmüddətli kreditlər, torpaq icarəsinin daha sadələşdirilmiş mexanizmləri tətbiq olunmalıdır. Orada fabrik, emal müəssisəsi, turizm obyektləri, xidmət sahələrinin yalnız sənaye zonalarında yox, bütövlükdə hər bir yerdə yaradılması asanlaşdırılmalıdır” – o qeyd edib.