Mayın 25-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatına dair müşavirə və təqdim olunan yeni Dövlət Proqramı aqrar sektorun gələcək inkişaf istiqamətləri baxımından mühüm əhəmiyyət daşıyırdı.
Müşavirədə kənd təsərrüfatında mövcud vəziyyət, qarşıda duran
çağırışlar və yeni yanaşmalar açıq şəkildə müzakirə olundu. Xüsusilə aqrar sahədə
daha dayanıqlı və səmərəli inkişaf modelinə keçidin vacibliyi vurğulandı. Bu
yanaşma göstərir ki, artıq kənd təsərrüfatında təkcə istehsal həcminin artırılması
deyil, həm də məhsuldarlıq, innovasiya və rəqabət qabiliyyəti məsələləri
prioritet hesab olunur. Çünki Azərbaycanın aqrar sektorda əsas çağırışları
artıq yalnız məhsul istehsalı ilə məhdudlaşmır; burada struktur
transformasiyası, insan kapitalı və bazar modelinin təkmilləşdirilməsi də mühüm
rol oynayır.”
Nazirin təqdimatı çox maraqlı, xüsusilə,
texnokrat və cəsarətli çıxış təsiri bağışladı. Təqdimata baxanda görünür ki,
nazir kifayət qədər səlis və texniki təqdimat etdi. Heyvandarlıq sahəsində
geriləmə, buğda məhsuldarlığının aşağı olması, bu sektorun inkişaf etmədən 5
ildir eyni səviyyədə qalması, ət istehsalının milli tələbatı ödəməməsi və
resurs səmərəsizliyi kimi məsələləri açıq deməsi əvvəlki illərlə müqayisədə fərqli
idi. Adətən təqdimatlar daha çox “nailiyyət hesabatı” xarakteri daşıyırdı. Bu dəfə
isə problemin özü etiraf edildi. Xüsusilə “transformasiya”, “dəyər zənciri”,
“innovasiya”, “rəqəmsallaşma”, “institusional islahat” kimi terminlərin istifadəsi
göstərir ki, komanda artıq anlayır ki, sadəcə subsidiya verməklə aqrar sektor
inkişaf etmir. Amma burada vacib sual yaranır: bu terminlər real struktur dəyişikliklərinə
çevriləcək, yoxsa yenə proqram dili olaraq qalacaq? Çünki Azərbaycanda əsas
problem strategiya sənədi yox, icra mexanizmidir. Bu günədək bu cür strateji sənədlər
çox hazırlanmışdır, lakin qısa bir müddət sonra həmin sənədlərdən demək olar
ki, istifadə edilmədi. Xatırladım ki, 2016-cı ilin 6 dekabrında aqrar sektorun
inkişafı ilə bağlı starteji yol sənədi təsdiqlənmişdi.
Mən 2011-ci ildən orqanik istehsalatın təbliği
ilə məşğulam. 2019-cu ildən etibarən isə bunu təsis etdiyimiz ictimai birlik
vasitəsilə institusional şəkildə edirik. Bu Proqramda kənarda qalan əsas sahələrdən
biri orqanik kənd təsərrüfatıdır. Hesab edirəm ki bu, çox ciddi boşluqdur. Amma
Proqramın mahiyyətinə baxdıqda düşünmək olar ki, bu boşluq sayılmır, əksinə,
ehtiyaca uyğun bu cür addım atılmışdır. İllərdir deyirik ki, Azərbaycanın aqrar
üstünlüyü əslində kütləvi taxıl istehsalında deyil və ola da bilməz. Bunun üçün
bizim resurslarımız yoxdur. Taxılçılıq sahəsi dövlətin subsidiya güzəştlərini əldə
etməkdən başqa heç bir işə yaramır. Biz, yüksək keyfiyyətli niş məhsullar,
premium aqrar ixrac, orqanik və ekoloji təmiz məhsullar, təbii bal, dərman
bitkiləri, premium meyvə-tərəvəzçilik, quru meyvə, süd məhsulları, otlaq əsaslı
heyvandarlıq sahələrinin inkişafı üzərində də proqramlar qurmahazırlamalıydıq.
Çünki Azərbaycanın torpaq ehtiyatı, və su ehtiyatları məhduddur. Bizim Ukrayna və ya Qazaxıstan kimi sonsuz
taxıl düzənliklərimiz yoxdur.
Bu proqramda təəssüf ki, aqrar brendləşmə,
premium ixrac strategiyası, orqanik sertifikasiya infrastrukturu(2016-cı ilin
6 dekabrında təsdiqlənmiş “Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin
başlıca istiqamətləri” sənədinin kənd təsərrüfatı məhsullarının istehsalı və
emalı ilə bağlı hissəsində bu sahəyə yer ayrılmışdı), aqroturizm, kənd
sahibkarlığı ekosistemi praktik olaraq görünmür. Qabaqcıl aqrar ölkələr həcmə
deyil, keyfiyyətə oynayırlar. Bir çox məhsul az istehsal edilir, amma baha
satılır. Azərbaycan fermeri isə hələ də sovet düşüncəsi ilə: “nə qədər çox ton
istehsal etdik?” məntiqindən tam çıxa bilməyib. Burada “çörək bol olarsa
basılmaz Vətən” klassik düşüncəsi hələ də yaşamaqdadır. Elə bu məqamda bildirmək
istərdim ki, bu Proqramda yenə taxılçılıq prioritet oldu. Taxıl məsələsində
dövlətin arqumenti əsasən “ərzaq təhlükəsizliyi” üzərində qurulur. Bu arqument
mahiyyət etibarilə doğrudur. Xüsusilə, müharibələr, logistika böhranları,
qlobal ərzaq riskləri fonunda dövlət müəyyən həcmdə strateji əhəmiyyətli məhsul
istehsalı istəyəcək. Amma ölkəmizin böyük hissəsində buğda iqtisadi baxımdan rəqabətqabiliyyətli
deyil. Cənab Prezidentin nitqində də tənqidi tonla qeyd edilir ki, illərlə eyni
səviyyədə qalmışıq. Bu o deməkdir ki,
resurs qoyulur, amma struktur sıçrayışı olmur. Az məhsuldar dəmyə torpaqlarda
aşağı rentabelli taxıl istehsalı nə qədər rasionaldır? Alternativ isə həmişə bu
cür olmuşdur: 1 hektarda taxıldan əldə edilən gəlirlə, meyvəçilikdən,
bağçılıqdan, intensiv istixanadan, dərman bitkilərindən, yem istehsalından əldə
edilən gəlir arasında bəzən 5-10 qat fərq olur. Nəzərə almalıyıq ki, bizim su
ehtiyatlarımız da məhduddur. Buna görə
ölkəmizin əsas prioriteti maksimum əlavə dəyər yaratmaq olmalıdır. Yəni
ki, “ən çox məhsul” yox, “ən çox iqtisadi dəyər” məntiqi ilə işləməliyik. Bu
baxımdan proqramda hələ də “sovet aqrar” refleksləri hiss olunur.
Proqramda diqqətçəkən məqam suvarma və
konsolidasiya ilə bağlı hissədir. Azərbaycanın torpaq çatışmazlığından daha
çox, parçalanmış və səmərəsiz istifadədə olan torpaq problemi həll edilməlidir.
Proqramda bu konseptual olaraq bu cür formalaşdırılmışdır: müasir suvarmanın tətbiqi,
torpaq konsolidasiyası, qapalı şəbəkələr, təsərrüfat ölçüsünün böyüdülməsi.
Bu məqamda onu da qeyd edim ki, ölkəmizdə kənd təsərrüfatı təyinatlı
torpaqların 60%-i istifadə üçün yararsızdır. 1-2 hektarlıq xırda təsərrüfatlarla
texnologiya tətbiqi, yüksək məhsuldarlıq, ixrac standartlarının tətbiqi,
müasir logistika sistemi çətin qurulur və ümumiyyətlə qurmaq mümkün olmur. Əgər
həqiqətən konsolidasiya baş versə,və ya dünya standartlarında kooperativləşmə təmin
edilsə bu böyük inqilabi dönüş nöqtəsi sayıla bilər. burada bir risk meydana
çıxır ki, bu da kiçik təsərrüfat sahiblərinin sıradan çıxmasıdır. Bunu da
aidiyyəti dövlət qurumları nəzərə alacaqdır yəqin.
Nazirin çıxışında digər təhlükə siqnalı
heyvandarlıqla bağlı oldu. Belə ki, heyvan sayının azalması və ət istehsalının
tələbatı ödəməməsi çox ciddi məsələdir. Bu, artıq struktural təhlükəsizlik məsələsidir.
Burada səbəblər əsasən yem bazasının zəifliyi, otlaq problemləri, damazlıq
keyfiyyəti, kiçik təsərrüfat modeli, peşəkar menecment çatışmazlığı, kənddən
şəhərə köç kimi faktorlarla bağlıdır. Əslində heyvandarlıq yalnız “heyvan
saxlamaq” deyil. Bu innovativ yem sənayesi, genetika tədqiqatları, logistika,
soyuducu zəncir, emal sənayesi, baytarlıq sistemi deməkdir.
Proqramda kadr və insan kapitalının inkişafı ilə
bağlı boşluqlar da vardır. Texnologiya var, suvarma var, investisiya var, amma
insan faktoru çox zəif görünür. Proqramın ümumi çəkisinə baxanda bu istiqamət hələ
də ikinci planda qalır. Və açığı, məncə proqramın ən zəif yerlərindən biri də məhz
budur.
Sənədin ruhunda əsas ağırlıq infrastruktur,
suvarma, torpaq məsələləri, məhsuldarlıq, aqro-texnika, investisiya, uğurlu
aqropark, emal sənayesi üzərindədir. İnsan kapitalı isə daha çox “dəstək
elementi” kimi keçir, “əsas transformasiya nüvəsi” kimi yox. Halbuki dünyadakı
uğurlu aqrar transformasiyalara baxanda əsas sıçrayışı texnika yox, kadr verir.
Sənəddə insan kapitalının inkişafı ilə bağlı əsasən
bunlar görünür:
• aqrar
təhsilin inkişafı,
•
elmi-tədqiqat institutlarının gücləndirilməsi,
•
innovasiya və rəqəmsallaşma,
• məsləhət
xidməti
•
fermerlərin maarifləndirilməsi,
• yeni
texnologiyaların tətbiqi,
• peşəkar
hazırlıq,
• aqrar
elm və praktikanın əlaqələndirilməsi.
Hiss edilir ki, aqrar sektor “istedad cəlb edən
sahə” kimi xarakterizə edilmir və ya edilə bilmir. Məsələn, İsraildə aqrar
texnologiya elit sahədir. Niderlandda aqrar universitetlər dünya səviyyəsində qəbul
edilir. Polşada aqrobiznes prestijli sektora çevrilib. Azərbaycanda isə ən
yaxşı tələbələrin böyük hissəsi informasiya təhlükəsizliyi, maliyyə, dövlət
sektoru, hüquq istiqamətinə maraq göstərirlər. Aqrar sektor isə çox vaxt “başqa
variant tapmayanların sahəsi” kimi görünür. Bu isə strateji problemdir. Çünki
müasir aqrar sektor artıq data analitikası, AI, genetika, su mühəndisliyi,
aqrar marketinq, logistika, ixrac menecmenti, peyk monitorinqi deməkdir. Əgər
bu sahəyə ən güclü insan kapitalı gəlməsə, transformasiya yarımçıq qalacaq.
Ölkəmizdə “aqrar elita” anlayışının olmaması digər
bir çatışmazlıq kimi xarakterizə edilə
bilər. Dünyada aqrar sıçrayış edən ölkələr sadəcə fermer yetişdirməyiblər,
“aqrar elita” yaradıblar. Buna görə də gənclər bu elitaya can atmaq üçün
çalışırlar. Məsələn, İsraildə aqrar innovator, Niderlandda aqrar mühəndis,
Polşada aqrobiznes meneceri, Türkiyədə ixrac yönümlü aqrar sahibkar sinfi
formalaşıb.
Məncə bizim üçün ən vacib sual budur: Biz özünü
təmin edən aqrar dövlət olmaq istəyirik, yoxsa yüksək əlavə dəyər yaradan ixrac
yönümlü aqrar iqtisadiyyat?
Bu iki model fərqli strategiyalar tələb edir.
Hazırkı proqram isə sanki bu iki model arasında qalır-həm sovet tipli ərzaq təhlükəsizliyi
refleksi var,həm də modern aqrobiznes dili istifadə olunur. Əsl transformasiya
isə bu seçim aydınlaşanda başlayacaq.
Emin
Əliyev
Kənd
Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədr müavini