İyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərrgisi “Caspian Oil and Gaz”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərqisi “Caspian Power” və 31-ci “Baku Enerqy Forumun” rəsmi açılış mərasimində iştirak edib və qlobal enerji gündəliyi üçün aktual fikirlər səsləndirib.
Azərbaycan prezidentinin həmin fikirləri əslində ölkəmizin son 30 ildə keçdiyi inkişaf yolunun, formalaşdırdığı enerji strategiyasının və əldə etdiyi geosiyasi mövqenin ümumiləşdirilmiş təqdimatı kimi də qiymətləndirilə bilər. Çıxışda həm ölkənin enerji siyasətinin nəticələri, həm də gələcək inkişaf istiqamətləri ilə bağlı mühüm mesajlar yer alır.
Xəzər Neft və Qaz Sərgisinin 30 il ərzində inkişaf edərək Bakı Enerji Həftəsinə çevrilməsi təsadüfi hal deyil. Çünki bu tədbir birinci dəfə təşkil olunduğu zaman Azərbaycan müstəqilliyinin ilk illərində ağır iqtisadi və siyasi problemlərlə üzləşən, böyük enerji potensialına malik olsa da, onu dünya bazarlarına çıxarmaq üçün imkanları məhdud olan bir ölkə idi. Bu gün isə Bakı Enerji Həftəsi dünyanın aparıcı enerji platformalarından biri hesab olunur.

Elə Azərbaycan liderinin də dediyi kimi ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə rəsmi məktub ünvanlaması Azərbaycanın beynəlxalq enerji siyasətində tutduğu yerin və Bakı Enerji Həftəsinin gerçək nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də ABŞ Prezidenti Donald Trampa ünvanladığı təşəkkür oldu. Dövlət başçısının enerji məsələsinin “yenidən normal məcraya qaytarılması” ilə bağlı fikri son illərdə dünyada enerji siyasəti ətrafında gedən müzakirələrə istinad kimi qiymətləndirilə bilər. Uzun müddət bəzi dairələr tərəfindən neft və qaz sənayesinə qarşı aparılan kampaniyalar, fosil yanacaqlardan sürətli imtina çağırışları enerji təhlükəsizliyi məsələsini ikinci plana keçirmişdi. Lakin son illərin təcrübəsi göstərdi ki, dünya iqtisadiyyatı yaxın perspektivdə hələ də neft və qaz olmadan fəaliyyət göstərə bilməz. Buna görə də enerji siyasətində ideoloji yanaşmalar deyil, praqmatik qərarlar vacibdir. Azərbaycanın mövqeyi də məhz bundan ibarətdir: enerji təhlükəsizliyi təmin edilməli, eyni zamanda bərpaolunan enerji mənbələrinə də investisiyalar artırılmalıdır. Dövlət başçısının fikirlərində də əsas vurğu enerji keçidinin mərhələli və balanslaşdırılmış şəkildə həyata keçirilməsinin vacibliyinə yönəlib.
Bu yanaşma Azərbaycanın son 30 ildə həyata keçirdiyi enerji strategiyasının da əsasını təşkil edir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji siyasəti ölkənin inkişaf trayektoriyasını kökündən dəyişdi. Həmin dövrdə Azərbaycan ciddi iqtisadi böhran yaşayırdı. Ölkə ərazisinin 20 faizi işğal altında idi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi vardı, yoxsulluq səviyyəsi 50 faizdən yuxarı idi, Azərbaycan enerji idxal edən dövlətlər sırasında yer alırdı. Xarici investisiyalar demək olar ki, yox səviyyəsində idi və ölkənin gələcəyi ilə bağlı qarşıda ciddi suallar vardı.
Bu gün isə tamamilə fərqli mənzərə formalaşıb. Azərbaycan regionun aparıcı iqtisadiyyatlarından birinə çevrilib, yoxsulluq səviyyəsi minimum həddə enib, işsizlik aşağı səviyyədədir, xarici borc ÜDM-in cəmi kiçik hissəsini təşkil edir və dövlətin strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələyir. Vaxtilə xarici investisiyalar cəlb edən Azərbaycan artıq özü investisiya yatıran ölkəyə çevrilib. SOCAR-ın Yaxın Şərqdə, Afrikada və Mərkəzi Asiyada həyata keçirdiyi layihələr bunun ən bariz nümunələrindəndir. Bu transformasiya təbii sərvətlərin sadəcə hasil edilməsinin deyil, onların düzgün idarə olunmasının nəticəsi kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, enerji layihələrindən əldə edilən gəlirlər sosial infrastrukturun qurulmasına, təhsilin və səhiyyənin inkişafına, nəqliyyat şəbəkəsinin genişləndirilməsinə, ordu quruculuğuna və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib. Məhz bu siyasət Azərbaycanın enerji resurslarını milli inkişaf alətinə çevirməsinə imkan yaradıb. Bir çox ölkələr təbii sərvətlərin yaratdığı “resurs lənəti” ilə üzləşdiyi halda, Azərbaycan təcrübəsi göstərir ki, düzgün idarəetmə və strateji baxış olduqda enerji sərvətləri inkişafın əsas mühərrikinə çevrilə bilər.
Bu kontekstdə dövlət başçısının iqtisadi güclə hərbi güc arasında yaratdığı əlaqə də diqqət çəkir. Güclü iqtisadiyyat müasir ordunun qurulmasına imkan verdi, müasir ordu isə Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynadı. Beləliklə, enerji siyasəti yalnız iqtisadi inkişafın deyil, həm də milli təhlükəsizliyin və dövlət suverenliyinin möhkəmləndirilməsinin əsas elementlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın gələcək enerji potensialı da xüsusi vurğulandı. “Azəri-Çıraq-Dərinsulu Günəşli” yatağının dərin qaz laylarının işlənməsi ölkənin qaz hasilatının uzunmüddətli perspektivdə artırılmasına xidmət edəcək. Dövlət başçısının qeyd etdiyi kimi, mövcud qaz ehtiyatları ən azı növbəti yüz il ərzində Azərbaycanın və tərəfdaş ölkələrin tələbatının ödənilməsinə imkan verir. Bununla yanaşı, Azərbaycan yaşıl enerji gündəliyinə də ciddi diqqət ayırır. Gələn ilin sonuna qədər günəş və külək enerjisi üzrə istehsal gücünün 2 giqavata, 2032-ci ilin sonuna qədər isə 8 giqavata çatdırılması hədəflənir. Bu isə Azərbaycanın enerji təhlükəsizliyi ilə enerji keçidini paralel şəkildə həyata keçirdiyini göstərir.
Ölkənin qlobal enerji təhlükəsizliyindəki rolu da ildən-ilə artır. TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və hazırda ixrac coğrafiyası 16 ölkəni əhatə edir. Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Azərbaycan artıq yalnız enerji istehsalçısı deyil, həm də etibarlı enerji tərəfdaşı və enerji təhlükəsizliyinin təminatçılarından biri kimi çıxış edir.

Dövlət başçısının çıxışında Zəngəzur dəhlizinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Bu layihə reallaşacağı təqdirdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm qollarından birinə çevriləcək və Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Bununla ölkə yalnız enerji deyil, həm də logistika və ticarət marşrutlarının əsas iştirakçılarından biri kimi statusunu möhkəmləndirəcək.
Bütün bunların fonunda Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri də diplomatiyanın roludur. Dünya okeanlarına çıxışı olmayan Azərbaycan enerji resurslarını qlobal bazarlara çıxarmaq üçün qonşu dövlətlərlə və region ölkələri ilə uzunmüddətli əməkdaşlıq münasibətləri qurmağa nail olub. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP və digər strateji layihələr yalnız iqtisadi deyil, eyni zamanda uğurlu diplomatiyanın da nəticəsidir. Məhz bu diplomatik fəaliyyət Azərbaycanın regional və beynəlxalq mövqeyinin güclənməsinə, enerji resurslarının geosiyasi üstünlüyə çevrilməsinə imkan yaradıb.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın son 30 ildə əldə etdiyi uğurların təməlində təkcə zəngin təbii sərvətlər deyil, həmin sərvətlərin düzgün idarə olunması, milli maraqlara əsaslanan enerji siyasəti, balanslı diplomatiya və uzunmüddətli strateji baxış dayanır. Azərbaycanın təcrübəsi göstərir ki, təbii sərvətlərdən səmərəli istifadə edən ölkələr onları yalnız iqtisadi gəlir mənbəyinə deyil, həm də sosial rifahın, milli təhlükəsizliyin və beynəlxalq nüfuzun güclənməsinin mühüm alətinə çevirə bilərlər.
QAFQAZ CƏNUBLU