İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri yalnız ölkənin daxili siyasi kursunu müəyyənləşdirəcək hadisə deyil, həm də Cənubi Qafqazda davam edən geosiyasi proseslər baxımından da maraqla izlənilir. Əvvəla onu qeyd edək ki, 1991-ci ildəki formal xarakterli müstəqillikdən fərqli olaraq indi Ermənistan üçün qonşuları ilə mehriban münasibətlər quran, gerçək azad və suveren ölkə olmaqdan ötrü tarixi şans yaranıb, Kreml üçün isə bu seçkilər Ermənistanı yenidən Rusiyanın geosiyasi orbitinə qaytarılması fürsəti kimi strateji əhəmiyyət daşıyır.

Əgər seçkilər nəticəsində Rusiyaya daha yaxın siyasi qüvvələr hakimiyyətə gələrsə, bu, ilk növbədə Moskvanın Cənubi Qafqazda itirdiyi təsir imkanlarını qismən bərpa etməsinə şərait yarada bilər. Lakin bu, avtomatik olaraq Azərbaycan-Ermənistan münasibətlərində hərbi qarşıdurmanın yenidən alovlanacağı anlamına gəlmir. Çünki 2020-ci ildən sonra regionda formalaşan yeni reallıqlar əvvəlki dövrdən ciddi şəkildə fərqlənir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, regional güc balansı dəyişib və Ermənistanın, eləcə də ona yenidən himayədarlıq etmək istətində olan Rusiyanın da (Ukraynadakı üzücü hərbi əməliyyatlarla bağlı) yeni müharibəyə başlamaq üçün nə hərbi, nə iqtisadi, nə də siyasi imkanları əvvəlki səviyyədə deyil. Bu kontekstdə çox önəmli Şuşa Bəyannaməsi də xüsusi qeyd olunmalıdır. Çünki, 2020-ci ildən sonra formalaşan yeni regional geosiyasi düzənin mühüm elementlərindən biri də elə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin daha da institusional xarakter alması oldu. Bu baxımdan 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır. Sənəd iki ölkə arasında siyasi, hərbi və iqtisadi əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqazda təhlükəsizlik və güc balansının formalaşmasına da mühüm təsir göstərdi. Məhz bu səbəbdən Ermənistanda keçiriləcək seçkilərin nəticələri regiondakı proseslərin dinamikasına təsir edə bilsə də, tam əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsi ilə möhkəmləndirilmiş Azərbaycan-Türkiyə strateji əməkdaşlığının yaratdığı geosiyasi reallıqları tam dəyişdirmək imkanında deyil. Digər tərəfdən regionun hazırkı gündəmi də məhz bu geosiyasi reallıqların diqtəsi altında formalaşıb: məsələn Ermənistan ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımağa yönələn konstruktiv siyasi mövqe nümayiş etdirməyə başladı, Azərbaycan-Ermənistan sülh danışıqları intensivləşdi, eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində də diplomatik təmaslar genişləndi. Hazırda regionun əsas gündəmini sülh sazişinin yekunlaşdırılması, kommunikasiyaların açılması və iqtisadi inteqrasiya imkanları təşkil edir. Bu baxımdan Ermənistanda keçiriləcək seçkilərin əsas təsiri regional proseslərin mahiyyətindən çox, onların sürəti və icra mexanizmləri üzərində hiss oluna bilər. Əgər seçkilərdə hakimiyyət sülh və normallaşma siyasətini davam etdirən (hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi) siyasi qüvvələrin nəzarətində qalarsa, Azərbaycanla yekun sülh sazişinin imzalanması istiqamətində də irəliləyiş ehtimalı yüksələcək. Paralel olaraq Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinin də davam etməsi gözlənilir. Belə bir ssenari Ermənistanın Qərb strukturları ilə əməkdaşlığının genişlənməsinə, xarici investisiya imkanlarının artmasına və regional iqtisadi layihələrdə daha fəal iştirakına şərait yarada bilər.

Digər tərəfdən, revanşist və ya radikal əhval-ruhiyyəli, həm də Rusiyapərəst siyasi qüvvələrin hakimiyyətə gəlməsi sülh prosesinin tempini zəiflədə, tərəflər arasında etimadın formalaşmasını çətinləşdirə və regional əməkdaşlıq layihələrinin reallaşmasını ləngidə bilər. Bununla belə, belə bir siyasi dəyişiklik Ermənistanın regionda yaranmış yeni reallıqları fundamental şəkildə dəyişdirməsi anlamına gəlmir. Çünki, yuxarıda qeyd etdiyimiz fikrimizi bir qədər başqa formada bir daha təkar edərək bildirək ki, 2020-ci ildən sonra formalaşmış geosiyasi vəziyyət yalnız siyasi qərarların deyil, həm də hərbi, iqtisadi və beynəlxalq diplomatik amillərin təsiri nəticəsində meydana çıxıb. Odur ki, nə Ermənistanın, nə də bu seçkilərdə istəyinə nail olarsa belə elə Moskvanın da Bakı və Ankaranın yaratmış olduqları yeni reallıqlara qarşı çıxmasına və əvvəlki status-kvonu bərpa etməsinə lazım gələn resurslara malik olmaması heç kimdə şübhə doğurmur. Eyni zamanda, beynəlxalq aktorların böyük hissəsi də regionda davamlı sülhün və kommunikasiyaların açılmasının tərəfdarı kimi çıxış edir. Bu baxımdan, seçkilərin nəticələri Ermənistanın xarici siyasət kursuna müəyyən korrektələr gətirsə də, Azərbaycan lideri İlham Əliyevin son illər bölgədə yaratdığı hazırkı geosiyasi çərçivəni qətiyyən dəyişdirmək gücündə deyil. Əsas fərq yalnız sülh və normallaşma proseslərinin hansı sürətlə irəliləyəcəyində özünü göstərə bilər.
Beləliklə, Ermənistanda keçiriləcək parlament seçkiləri Cənubi Qafqazın gələcəyi üçün əhəmiyyətli siyasi hadisə olsa da, onların təsiri daha çox regional proseslərin tempinə və diplomatik dinamikanın istiqamətinə yönələcək. Regionun iki əsas lideri Türkiyə ilə Azərbaycanın son illər formalaşdırdığı əsas geosiyasi reallıqlar isə bir qədər obrazlı desək artıq betonlaşıb və onların yaxın perspektivdə fundamental şəkildə dəyişməsi ehtimalı sıfıra bərabər qiymətləndirilir.

QAFQAZ CƏNUBLU