“Xaricdə təhsil mərkəzlərinin fəaliyyəti məhz formal təhsilə münasibətdə həyata keçirilən təssisatların lisenziyalaşdırılmasında iştirak edə bilər. Qeyd etdiyiniz mərkəzlər sahibkarlıq subyektidir. Onlarda əsas aktivlik qəbul prosesi zamanı müşahidə olunur. Mən şəxsən onların məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Biz bunları müşahidə edirik və təbii ki, neqativ nüanslar da var. Çünki bizə də məlumdur ki, bəzi hallarda onlar təkcə qəbulu deyil, eyni zamanda qəbuldan sonrakı fəaliyyətin də həyata keçirilməsi üçün də vədlər verirlər”.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Tural Əhmədov bu gün media nümayəndələri ilə keçirilən hesabat görüşündə Manset.az-ın ünvanladığı sualı cavablayarkən deyib.
TKTA sədri sözügedən mərkəzlərin kiçik və orta sahibkarlığı həyata keçirdiyini qeyd edib:
“Sadəcə insanlarımızın ayıq-sayıqlığı, daha düşüncəli və daha rasional yanaşmasının tərəfdarıyam. Yəni onlar prosesdə iştirak edən tərəf olmalıdırlarmı? Bəli, ola bilərlər. Yəni bu konsultativ dəstəkdir və dünya praktikasında tətbiq olunur. Yəni misal üçün, valideyn yaxınlaşır və mərkəz o valideynə istiqamət verilir ki, övladınız mühəndislik üzrə hansı universitetlərdə oxuya bilər və ya hansı universitetlər təqaüd verir və s. Həmin mərkəzlərin funksionallığı “biz sizin üçün bütün xidməti həyata keçiririk”dən ibarət olmamalıdır. Bu kimi hallarda bəzi insanlarımız aldanırlar. Bu mənada insanlarımız onlarla fəaliyyəti tənzimləmək üçün imzaladıqları müqaviləyə diqqət etməlidirlər ki, onlar üzərlərinə hansı öhdəliyi götürüblər. Tutaq ki, sizin övladınızı yataqxanaya yerləşdirəcik, daha sonra məlum olur ki, heç yataqxana mövcud deyil. İşlə təmin edəcik, əlbəttə ki, bu da doğru deyil. Burda daha çox biz maarifləndirmənin tərəfdarıyıq".
Tural Əhmədov bildirib ki, bu mərkəzlərin fəaliyyəti arzuolunandır, amma onların fəaliyyəti məhdud çərçivədə olmalıdır ki, insanlara daha çox konsultativ dəstək versinlər:
“Təbii ki, hüquq pozuntusu varsa, aidiyyatı üzrə hüquq mühafizə orqanlarına məlumat vermək lazımdır. Çünki burda ola bilər ki, xoşagəlməz hallar olsun. Amma agentliyin o fəaliyyətə birbaşa müdaxilə etməsinin nə qanunvericilik çərçivəsi var, nə də ki, arzuolunandır. Yəni biz bunu daha çox insanların bir növ bu xidməti almaq üçün gözləntiləri və onların yerinə yetirilən öhdəlikləri kontekstində nəzər salmalıyıq. Yəni qeyd etsən ki, biz filan xidmət haqqı müqabilində biz sizə tam 4 illik xidmət göstərəcəyik. Bu əlbəttə ki, anlaşılan deyil. Onların fəaliyyəti məhdud çərçivədə olmalıdır. Çünki bu kifayət qədər ekspertiza tələb edən bir sahədir. Yəni bu sahədə olmayan bir valideyn üçün kifayət qədər çətindir. Həmin valideyn ya tanışlarına, ya da şirkətlərə müraciət edir. Şirkətlərin funksional yanaşması yalnız və yanız konsultativ olmalıdır”.
Əfsanə Rəcəb
Manşet.az