İrəvan həsrətli Muxtar Avşarovun nakam HƏYAT YOLU

14:19 - 06 May 2026

İrəvan həsrətli Muxtar Avşarovun nakam HƏYAT YOLU

Həyat bir nemətdir. Həyat Tanrı qarşısında borcdur. Həyat doğruları ilə, yanlışları ilə gedilən bir yoldur. Həyat həm də bir tamaşadır. Elə bir tamaşa ki, ömrümüzün müxtəlif vaxtlarında, janr müxtəlifliyi ilə öz ömrümüzə rəng qatırıq. Muxtar Avşarov... Muxtar Avşarov məhz ömrünün müəyyən bir yolunda yalnız ağ-qara rənglərlə öz həyat səhifəsinə rəsmlər çəkə bildi. Və bu, məcazi mənada dediyimiz rəsmdə Muxtar Avşarovun keşməkeşli həyat yolunun bir səbəbi var idi. Çünki o, bir Qərbi azərbaycanlı idi. Çünki o, vətən nisgilinin nə olduğunu yaxşı bilirdi. Çünki o, körpəlikdən bu nisgili ömrünün son nəfəsinədək yaşatdı, bu, onun yaradıcılığına da təsir etdi. Kiçik obrazlarına baxmayaraq, hər zaman öz həyat hekayəsinin baş qəhrəmanına çevrildi.


Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub, 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində ailə üzvləri ilə Türkiyəyə köçür. Amma orada çox qala bilmədiyindən ailə əvvəlcə Bakıya, sonra isə Gəncəyə köçüb.

Muxtar Avşarov 1922-ci ildə Gəncədəki dəmir yolu məktəbində oxuyub. 9-cu sinfi bitirdikdən sonra babasının təşəbbüsü ilə Bakıya gəlib və sənət məktəbində təhsil almağa başlayıb. 1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan Muxtar Avşarov, Gəncə parovoz deposunda maşinist-köməkçisi işləməklə yanaşı, dəmiryolçuların gənc tamaşaçılar teatrında aktyor kimi fəaliyyətini davam etdirib.

Bir müddətdən sonra o, Gəncə Dövlət Dram Teatrına dəvət olunub və orada çoxsaylı obrazlar ifa edib. Böyük Vətən müharibəsi başlanandan üç gün sonra onu siyasi əqidəsinə görə həbs ediblər. Guya Muxtar Avşarov ictimai yerlərdə Gəncənin adının dəyişdirilərək “Kirovabad” qoyulmasına və Gəncə Teatrına Beriyanın adının verilməsinə etiraz edib. Elə bu səbəbdən də ona 10 il həbs cəzası hökmü kəsiblər. Lakin 5 il həbsdə yatan Muxtar Avşarov nəhayət, yazdığı ərizələr müqabilində vaxtından 5 il əvvəl azadlığa buraxılıb. Bir müddət işsiz qalan Muxtar Avşarov dəyirmanda fəhlə işləyib. Sonra yenidən Gəncə teatrında fəaliyyətini davam etdirib.

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrındakı uğurlu çıxışlarına görə 1960-cı ildə Muxtar Avşarov Respublikanın əməkdar artisti fəxri adına layiq görülüb. 2002-ci il oktyabrın 2-də Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb, elə həmin ilin noyabrın 7-də isə Bakı Bələdiyyə Teatrının 10 illik yubileyi ilə əlaqədar Xalq artisti fəxri adına layiq görülüb.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib. 2004-cü ilin dekabr ayında Muxtar Həsənoğlu Avşarov dünyasını dəyişib.

Əsgər Zeynalov – “İrəvan ziyalıları” kitabının müəllifi


“İrəvan torpağının Azərbaycan incəsənətinə verdiyi görkəni simalardan biri də Azərbaycanın Xalq artisti Muxtar Avşarovdur. İrəvanın yaxınlığında, Qəmərli rayonunda kəndlərdən biri Avşar kəndi adlanırdı. Minillik tarixə malik olan həmin tayfanın, qəbilənin və nəsilin – Afşarovlar nəslinin İrəvanda kök saldığı məlumdur. Bu nəsil məşhur nəsillərdən biri idi.”

Rza Avşarov – Xalq rəssamı, Muxtar Avşarovun oğlu


“Mənim atam, Azərbaycanın Xalq artisti Muxtar Avşarov 1914-cü ildə İrəvan şəhərində doğulmuşdu. Demək, mənim babam Həsən kişi Avşar İrəvan şəhərində tanınmış, zəngin adamlardan biri idi. Onların evi İrəvanda Göy məscidin yanında idi. İki qardaş olublar. Digər qardaşı da zərgər idi. Atamın 4 yaşı olanda İrəvanda bu qırğın başladı, köç baş verdi. Ailə çox şey itirdi. Atam danışırdı ki, babam gəldi, dedi ki, mənim bir erməni tanışım var, qırğın olacaq, ailəni götür, İrəvandan qaç. Babam böyük qardaşının yanına gedib məsələni danışır. O da inanmır, deyir ki, “hə, bu boş söhbətdir, belə şey olmaz”. Amma hər ehtimala qarşı babam ailəsini gecə ilə götürüb Karsa, Türkiyəyə gedir, qaçırlar. Bir həftə, on gün keçir, sakitlik olur. Sonra isə qırğın başlayır. Ermənilər rus kazaklarla birlikdə hücuma keçirlər. İrəvanda qan su yerinə axır. Camaatı amansızcasına qırırlar. Bütün evlər, xüsusilə azərbaycanlı və müsəlman evləri yandırılırdı. Babamın da evi yandırılır. Dəhşətli bir vəziyyət idi. Bir aydan sonra babam geri qayıdır və görür ki, ev yanıb, heç nə qalmayıb. Beləliklə, onlar birdəfəlik Türkiyəyə köçürlər”.

Körpə yaşlarından həyatın keşməkeşlərini görən Muxtar sanki artıq gələcək taleyinin ilk zərbələrini almışdı. Müxtəlif məkanlara köçmək, valideynlərinin ağır acısını hiss etmək onun gələcək həyatının işartıları idi.

Aydın Kazımzadə - Kinoşünas

“Azərbaycanın Xalq artisti Muxtar Avşarov İrəvandan ailəsi ilə birgə Gəncəyə köçəndə onun cəmi 2–3 yaşı var idi”.

O dövrlərdə bir sıra müqtədir sənətkarlar və ictimai xadimlər İrəvanın işıqlı ziyalıları kimi mənfur qonşuların xəyanəti ilə üzləşirdilər. Reallığa nə qədər inanmaq istəməsələr də, acı həqiqətlə üz-üzə idilər və vəziyyət öz sözünü deyirdi.

Rza Avşarov – Xalq rəssamı, Muxtar Avşarovun oğlu

“Atamın bu ağır həyatı elə dörd yaşından başlayır. Karsdan gəlirlər, sonra Azərbaycana — Tovuza, Tovuzdan isə Gəncəyə (o vaxt “Kirovabad” idi) köçürlər. Orada məskunlaşırlar. Atam kasıbçılıqla, çox çətin əziyyətlərlə böyüyür. Babam rəhmətə gedir. Bütün ailənin problemləri və çətinlikləri atamla əmimin üzərinə düşür.”

Artıq bu çətinliklər içərisində yaşayan Muxtar özünə bir ömür yolu, bir məslək yolu seçmişdi. Sanki yaşantılarının səhnə təzahürü ilə öz sözünü deyəcəkdi. Lakin həyat yenə də öz diqtəsini etməkdə idi.

Əsgər Zeynalov – “İrəvan ziyalıları” kitabının müəllifi

“Bakıda peşə məktəbində oxuyanda Dəmir Yolu Teatrı var idi. Burada o, aktyor kimi fəaliyyətə başlayır. Görkəmli sənətkar, böyük sənətkar Ülvi Rəcəblə burada tanış olur və onun yanında işləmək artıq onun üçün bir məktəb idi.”

Rza Avşarov – Xalq rəssamı, Muxtar Avşarovun oğlu

“Atamın teatra böyük həvəsi vardı. O, dərnəyə gedirdi, artist olmaq istəyirdi. Və Gəncədə (o vaxt Kirovabad) Dəmir Yolu Mədəniyyət Evində artist kimi fəaliyyətə başlayır. Orada onun müəllimi, ilk müəllimi məşhur artist və rejissor Ülvi Rəcəb olur. O görür ki, bu, çox istedadlı bir gəncdir. Atam hələ cavan idi. Ona məsləhət görür ki, peşəkar teatrda işləsin.”

Aydın Kazımzadə - Kinoşünas

“Günlərin bir günü bizim əsas teatrımız olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının görkəmli rejissorlarından Tofiq Kazımov tez-tez şəhərlərə, rayonlara gedir və tamaşalara baxırdı. Gəncəyə də o, bir neçə dəfə gəlir və sonuncu dəfə gələndə Muxtar Avşarovu rolda görəndə çox bəyənir. Görür ki, bu adamın potensialı çox böyükdür. Ona görə onu dəvət edir Bakıya ki, gəlsin, Bakıda işləsin. Beləliklə də Muxtar Avşarov Bakıda işləməyə başlayır. Əvvəlcə xırda rollarda, sonra isə böyük rollara keçir. O, həm də çox böyük populyarlıq qazanır.”

Muxtar Avşarovu müasirləri onu mülayim xasiyyətli, yumşaq ürəkli kimi xarakterizə edirdilər. O, istedadlı və canayaxın insan idi, lakin məqamı gələndə öz sözünü deyə biləcək cəsarətə sahib olduğunu da deyirdilər. Vətən və təəssübkeşlik mövzusu ortaya çıxanda Muxtar Avşarov heç cür susa bilməzdi — özü də heç nəyə baxmayaraq.

Rza Avşarov – Xalq rəssamı, Muxtar Avşarovun oğlu

“Demək, o vaxt teatr kollektivini raykomdan yığırlar. Yuxarıdan gələn nümayəndələr elan edirlər ki, Gəncə Dövlət Dram Teatrına Lavrentiy Beriya gəlir.

Aydın Kazımzadə - Kinoşünas

“Bu elə bir şey idi ki, adam yanırdı: necə Beriya, hara, teatr hara, onun teatrla nə əlaqəsi var? Teatrda işləyən erməni gedib xəbər verir ki, orada Muxtar əleyhinə danışıb”.

Rza Avşarov – Xalq rəssamı, Muxtar Avşarovun oğlu

“Gecə saat 3–4-də gəlirlər, atamı aparırlar. 10 dəqiqəlik məhkəmə gedir, 3 nəfər hakim olur. İşinə baxıb ona 10 il həbs verirlər. Və bu, Beriyaya etiraz etdiyinə görə olur. Buna görə 10 il verirlər. Onu Gəncədən Bakıya gətirirlər. Beləliklə, atamın dustaq həyatı başlayır. Çox ağır olur, çox çətinliklər yaşanırdı, elə şeylər danışırdı.

Aydın Kazımzadə - Kinoşünas

“Danışırdı mənə ki, mən türmədə kağız tapanda məktub yazırdım, Moskvaya göndərirdim. Onu büküb pəncərədən bayıra atırdım. İçinə də üç manat qoyurdum ki, onu tapan adam üç manata görə məktubu götürüb konvertlə Moskvaya göndərsin.

Rza Avşarov – Xalq rəssamı, Muxtar Avşarovun oğlu

“Bu məktub gedib çatır İosif Stalinə. Stalinin imzasıyla mən o məktubu görmüşəm: ‘Azad edilsin. Stalin’. Sonra rəis atamı çağırır. İçəri girən kimi möhkəm vurur, ağzı-burnu qanayır. “Sən bu məktubu necə yazmısan Stalinə? Bu məktub türmədən necə çıxıb?” deyə sullar verir və məcbur atamı buraxırlar. Gəlir Gəncəyə, deyir, belə hasardan evə baxdım: evimizdir, səhər açılıb. Anam əlində süpürgə məhləni süpürür, xəstə idi. Dedim ki, əgər qəfil girsəm, anamın ürəyi tutar.

Bir də gördüm ki, qonşu gəlir. Qonşuya dedim ki, get anama de, Muxtarı buraxırlar, muştuluq ver. Qonşu gedəndən sonra evə girdim.”

Aydın Kazımzadə - Kinoşünas

“Kağıza görə 5 ildən sonra onu azad etdilər, yəni 10 il yerinə 5 il yatdı. Arvadı onu gözləyirdi, qayınana deyir ki, qızım, sən cavansan, bu adam da türmədədir, siyasi baxışlarına görə tutulub. Sən cavansan, özünü qurban vermə, icazə verirəm sənə, ayrıl, get başqa bir adamla xoşbəxt ol. Amma o deyir ki, ömrümün sonuna qədər Muxtarı gözləyəcəyəm.”

Muxtar Avşarov üçün yeni həyat başlayır və bu həyatda onun xoşbəxt ailə tablosu, həm də yaradıcılıq həyatı ilə zənginləşir. Azərbaycan kino və teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan xalq artisti Muxtar Avşarovun adı mədəniyyət tariximizdə mühüm yer tutur. Onun zəngin yaradıcılığı kino və teatr tariximizdə ayrıca bir səhifəyə çevrilir. Muxtar Avşarovun adı çəkiləndə gözlərimiz önündə sevə-sevə seyr etdiyimiz onlarca tamaşadan maraqlı epizodlar canlanır. 1989-cu ildə yenidənqurma prinsiplərinə əsasən, 60 yaşdan yuxarı sənətçilər işdən azad olunmalıdır. Bu əmrlə Muxtar Avşarov işdən azad edilir.

Aydın Kazımzadə - Kinoşünas

“Teatrın rəhbəri Həsənağa Turabov onu kabinetinə çağırır və deyir ki, Avşarov, sən teatrdan gedirsən”.

Bu xəbər ona çox pis təsir edir. Bunu eşidən Amaliya Pənahova 1992-ci ildə onu Bakı Bələdiyyə Teatrına dəvət edir. Muxtar Avşarov orada bir sıra obrazlar yaradır. Nəriman Nərimanov, Nadir şah və Cəfər Cabbarlının “Dönüş” kimi əsərlərindəki obrazlar tamaşaçı rəğbəti qazanır.1996-cı ildə Mədəniyyət Fondunun nəzdində “Sönməyən Ulduzlar” teatrı yaradılır və Məmməd Kamal Kazımov onu “Solğun çiçəklər” əsərinə dəvət edir. Oradakı Əbdül əmi obrazı ilə Muxtar Avşarov çoxsaylı tamaşaçıların rəğbətini qazanır. Muxtar Avşarov əsərlərdə böyük rollarda, baş obrazlarda çox çıxış etmədi. Lakin müsbət və ya mənfi olmasından asılı olmayaraq, onun oynadığı kiçik obrazları peşəkarlıqla yaratması onu tamaşaçılara sevdirirdi.

Rza Avşarov – Xalq rəssamı, Muxtar Avşarovun oğlu

“Rejissorlar ondan tam istifadə etmədilər. O, böyük aktyor idi. Artistlərdə paxıllıq da olur axı: o rolu mən istəyirəm, ona vermirəm. Əksinə, o isə deyirdi ki, mən imtina edirəm, o rolu məndən daha yaxşı oynayar, ona verin. Məsələn, televizorda tamaşaya baxanda Məlik Dadaşov kimi böyük aktyorların həmkarlarının oyununa sevinirdi.”

Aydın Kazımzadə - Kinoşünas

“Kino işçiləri də onu görürdülər. Onun digər aktyorlardan fərqlənən cəhətləri var idi: birincisi baxışlarındakı kəskinlik, ikincisi səs tembri idi — onun səsi heç kimə bənzəmirdi, üçüncüsü isə danışıq tərzi. O, rollara girəndə çox tez başqalaşmağı bacarırdı.”

Azərbaycanfilm kino studiyasında Hüseyn Seyidzadə “Dəli Kür” filminin çəkilişlərinə başlayır və Muxtar Avşarova çox kiçik bir rol verir. O, bu rolun öhdəsindən o qədər məharətlə gəlir ki, bundan sonra onun kino fəaliyyəti uğurla davam etməyə başlayır. Daha sonra ona bir neçə yeni rol və filmlərdə çəkilmək təklif olunur, o cümlədən “Atları yəhərləyin” filmi...

Əsgər Zeynalov – “İrəvan ziyalıları” kitabının müəllifi:

“Böyük bir nəslin nümayəndəsidir. Teatrdan o, kinoya gəldi və kinoda da öz fəaliyyətini yüksək səviyyədə davam etdirdi. Yadda qalan filmlərdə və obrazlar yaratdı. Muxtar Avşarov “Şöhrət ordeni” ilə təltif olunub. 2002-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdü və 2004-cü ildə, 90 yaşında, oktyabr ayının 6-da dünyasını dəyişmişdir.”

Rza Avşarov – Xalq rəssamı, Muxtar Avşarovun oğlu:

“ “Vaqif”də Şah Qacar obrazı var idi — zəhmli, qorxulu bir şah. O, komediyalarda da rollar oynayırdı. Adam inanmırdı ki, eyni aktyor həm bu xarakteri, həm də o komik rolları oynaya bilər. Belə bir paradoks, belə bir fərq vardı.”

Bu dünyadan bir Muxtar Avşarov keçdi. O, hər zaman kiçik obrazlar yaratdı, böyük iddiaları olmadı. Amma öz ömür dastanının baş qəhrəmanı kimi yaşadı.


Fəxriyyə Lilpar İsayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az