Ölkənin iqtisadi inkişafına, xüsusən də Qarabağın bərpası və
yenidən qurulması prosesinə verdiyi töhfələrlə seçilən Bir ekosistemi işğaldan
azad olunmuş ərazilərdə həyatın bərpası naminə daha bir addım atıb. Belə ki,
ötən gün Füzuli şəhərində “Qayıt İş” layihəsi çərçivəsində m10 və MilliÖn
telesatış xidmətləri üçün yeni ofisin açılışı baş tutub. Layihə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət ofisinin açılış mərasimində əmək və əhalinin sosial
müdafiəsi naziri Anar Əliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları
üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə
Heyətinin sədri Sadiq Əliyev, Bir ekosisteminin rəsmi nüməyəndələri – Kapital Bank-ın
İdarə Heyətinin sədri Fərid Hüseynov və PashaPay-in baş icraçı direktoru Samir
Məmmədov iştirak ediblər.
Layihə haqqında fikirlərini bölüşən Dövlət Məşğulluq
Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Qarabağda dayanıqlı məskunlaşma
üçün yeni müəssisələrin açılmasını
yüksək qiymətləndirib. Sədr bildirib ki, dövlət və özəl sektor əməkdaşlığının
nümunəvi modeli olan “Qayıt İş” layihəsi yalnız yeni iş yerlərinin yaradılması
deyil, həm də Füzuli rayonunun sosial-iqtisadi inkişafına töhfə vermək,
köçürülmüş əhalinin doğma yurdda dayanıqlı məşğulluğuna dəstək məqsədi daşıyır. Sadiq Əliyev belə
təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini və öz yurdlarına qayıdan
vətəndaşların məşğulluqlarının təmini istiqamətində fasiləsiz xidmətlərin
göstəriləcəyini vurğulayıb.
Bir ekosisteminin rəsmi nümayəndəsi, Kapital Bank-ın İdarə
Heyətinin sədri Fərid Hüseynov isə bu təşəbbüsü dövlət-özəl tərəfdaşlığının
uğurlu nümunəsi adlandırıb. “Hər Qarabağ səfərimizdə bu torpaqların yenilənən
enerjisini, dirçələn ritmini hiss etmək həqiqətən insana böyük güc verir. Bu
dəfə də Bir ekosistemi olaraq doğma torpaqlarda daha bir təşəbbüsə imza atdıq.
Füzulidə m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışını
etdik. Ən əsası odur ki, ofisdə çalışan
gənc əməkdaşlarımızın hamısı məhz Füzuliyə geri dönən sakinlərimizdir. Gənc
həmkarlarımızın öz doğma şəhərlərində karyera qurmaları və gələcəklərini burada
planlamaları bizim üçün sadəcə bir layihə yox, real dəyərdir. Bir sözlə,
məqsədimiz Qarabağda dövlətimizin həyata keçirdiyi bu genişmiqyaslı bərpa
prosesinə özəl sektor olaraq töhfə vermək və burada formalaşan yeni iqtisadi
həyatın fəal iştirakçısı olmaqdır”.
Layihənin məqsədi bölgəyə qayıdan sakinlər üçün dayanıqlı iş
yerləri yaratmaq və regionda rəqəmsal ödəniş xidmətlərini gücləndirməkdir. Elə
bu missiyanın nəticəsi olaraq xidmət ofisində çalışan əməkdaşlar məhz Füzuli
sakinləri arasından seçilib. Tarixi qələbənin ardından Füzuli şəhərinə qayıdan
və burada yaşayan 14 nəfər şəhər sakininə Dövlət Məşğulluq Agentliyi tərəfindən
göndəriş verilib və bu şəxslər xidmət ofisinin əməkdaşları olaraq ekosistem
komandasına qoşulublar. Yaxın zamanda komandanın 20 nəfərə çatdırılması planlaşdırılır.
Bir
ekosistemi ölkənin
aparıcı brendləri olan Birbank,
Birmarket, m10
və MilliÖn
brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem Trendyol
Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir
dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu
inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR
ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol
Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus
proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu
imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid
ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli,
rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.