Azərbaycan
Respublikasının müasir siyasi tarixinin təhlili göstərir ki, ölkəmiz dövlət
quruculuğu prosesində yalnız institusional və inzibati islahatlarla
kifayətlənmir, eyni zamanda dərin mənəvi-ideoloji dayaqlara söykənən humanist
idarəetmə modeli ilə seçilir. Bu modelin mərkəzində güclü dövlət, güclü
vətəndaş münasibətləri, hüquqi ədalət prinsipi və sosial məsuliyyət anlayışı
dayanır. Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən amnistiya təşəbbüsünün irəli sürülməsi təsadüfi qərar deyil,
müasir Azərbaycan dövlətçilik fəlsəfəsinin məntiqi və ardıcıl davamıdır.
Xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində XX əsrin
sonlarında dağılmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövləti xilas edilib,
müstəqilliyin dönməzliyi təmin olunub. Ulu Öndərin rəhbərliyi ilə formalaşan
siyasi kursun mərkəzində hüquqi dövlətin qurulması, daxili sabitliyin təmin
edilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və vətəndaş-dövlət etimadının
bərqərar olunması dayanırdı. 1995-ci ildə qəbul edilən Azərbaycan
Respublikasının ilk Konstitusiyası bu baxımdan təkcə hüquqi çərçivə deyil, həm
də milli dövlətçilik manifesti kimi tarixə düşüb.
Bu strateji
siyasi kurs möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən yeni dövrün çağırışları və reallıqları fonunda
uğurla davam etdirilir. Azərbaycan uzun illərdir daxili siyasi sabitliyi
qoruyan, iqtisadi müstəqilliyini möhkəmləndirən və beynəlxalq münasibətlər
sistemində etibarlı tərəfdaş kimi tanınan dövlətdir. Bununla yanaşı, 44 günlük Vətən
müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ilin sentyabrında həyata
keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan dövlətçiliyini keyfiyyətcə
yeni mərhələyə yüksəltdi, ölkəmizin milli suverenliyini və ərazi bütövlüyünü
tam təmin etdi.
Bu gün
Konstitusiyamızın ali hüquqi qüvvəsi ölkənin bütün ərazilərində bərqərar edilib
ki, bu da yalnız hərbi və siyasi uğur deyil, eyni zamanda hüquqi dövlətçiliyin
qələbəsidir. Belə bir tarixi mərhələdə humanist hüquq siyasətinə əsaslanan
amnistiya təşəbbüsü ilə çıxış etmək yalnız güclü, özünə inanan və gələcəyə
strateji baxışla yanaşan dövlətin ata biləcəyi addımdır. Beynəlxalq təcrübə də
göstərir ki, amnistiya institutu əsasən siyasi sabitliyə nail olmuş,
hüquq-mühafizə və məhkəmə sistemləri formalaşmış, ictimai təhlükəsizlik
səviyyəsi yüksək olan dövlətlərdə tətbiq edilir. Bu baxımdan amnistiya zəiflik
deyil, əksinə, dövlətin öz hüquqi mexanizmlərinə və cəmiyyətin siyasi
yetkinliyinə olan inamının ifadəsidir.
Azərbaycan
Respublikasında təqdim olunan amnistiya aktının layihəsi humanizm, mərhəmət və
sosial ədalət prinsiplərinə söykənir. Layihədə Vətən müharibəsində və
antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, həmin döyüşlər zamanı
həlak olmuş və ya itkin düşmüş vətəndaşların yaxın qohumlarının, eləcə də
Ermənistanın hərbi təxribatları nəticəsində sağlamlığını itirmiş şəxslərin
nəzərə alınması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu yanaşma dövlətin öz
qəhrəmanlarına, onların ailələrinə və bütövlükdə milli yaddaşa verdiyi yüksək
dəyərin bariz göstəricisidir.
Eyni zamanda
qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına
çatmayanların, eləcə də böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə
görə məhkum edilmiş şəxslərin amnistiya əhatəsinə daxil edilməsi sosial dövlət
konsepsiyasının real və praktik tətbiqi kimi çıxış edir. Burada əsas məqsəd
yalnız cəzadan azad etməklə məhdudlaşmır, həm də həmin şəxslərin cəmiyyətə
yenidən inteqrasiyasına, sosial adaptasiyasına və hüquqi islahına şərait
yaratmaqdan ibarətdir.
Azərbaycan
müstəqillik dövrü ərzində amnistiya və əfv institutlarından ardıcıl və sistemli
şəkildə istifadə edib. 1995-ci ildən etibarən qəbul edilən amnistiya aktları on
minlərlə insanın həyatında dönüş nöqtəsi yaradıb, cəmiyyətin sosial
harmoniyasının möhkəmlənməsinə töhfə verib. Bu qərarlar heç vaxt hüquqi
nihilizmə yol açmayıb, əksinə, cəza ilə islah arasında sağlam balansın
qorunmasına xidmət edib. Ulu Öndər Heydər Əliyevin imzaladığı əfv fərmanları
hüquqi humanizmin dövlət siyasəti səviyyəsinə yüksəldiyini nümayiş etdirib.
Prezident İlham Əliyev tərəfindən imzalanan çoxsaylı əfv sərəncamları və
2021-ci ildə Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı bu xəttin
davamlılığını bir daha təsdiqləyib.
Xüsusilə
postmüharibə dövründə qəbul edilən 2021-ci il amnistiyası milli birlik, sosial
barış və hüquqi etimad mühitinin gücləndirilməsində mühüm rol oynadı. Bu
təcrübə sübut etdi ki, Azərbaycan dövləti qalib olduğu anda daha da ədalətli və
mərhəmətli olur. Hazırda Milli Məclisə təqdim edilən yeni amnistiya aktının 20
mindən çox şəxsə şamil olunacağı ehtimal edilir ki, bu da müstəqil Azərbaycanın
tarixində ən genişmiqyaslı amnistiya qərarlarından biri ola bilər. Minlərlə
məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, minlərlə şəxsin
cəzasının yüngülləşdiriləcəyi və çoxsaylı vətəndaşın cinayət məsuliyyətindən
azad ediləcəyi gözlənilir.
Bu qərarın ictimai
təsiri olduqca genişdir: ailələrin birləşməsi, sosial gərginliyin azalması,
cəmiyyətin humanist dəyərlər ətrafında daha sıx birləşməsi və eyni zamanda
penitensiar sistemin yükünün azaldılması. Resosializasiya proseslərinin
güclənməsi isə uzunmüddətli perspektivdə hüquqi sabitliyə və ictimai
təhlükəsizliyə müsbət təsir göstərəcək.
Deputat
mövqeyimdən çıxış edərək qeyd etmək istərdim ki, bu təşəbbüs yüksək qiymətə və
təqdirə layiqdir və Azərbaycan dövlətçiliyinin gücünü, siyasi uzaqgörənliyini
və humanist mahiyyətini bir daha nümayiş etdirir. Parlament üzvlərinin
missiyası yalnız qanunların qəbulu ilə məhdudlaşmır, eyni zamanda dövlət
qərarlarının fəlsəfəsini və ictimai mahiyyətini cəmiyyətə izah etməkdən
ibarətdir. Bu amnistiya aktı göstərir ki, Azərbaycan dövləti gələcəyə baxır,
sosial barışı və hüquqi sabitliyi prioritet hesab edir. Çünki güclü dövlət
bağışlamağı bacaran dövlətdir və Azərbaycan məhz belə bir dövlətdir.
Nəticə
etibarilə, ölkə başçımız cənab İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü
müasir Azərbaycan dövlətçiliyinin siyasi yetkinliyinin bariz göstəricisidir. Bu
addım bir daha sübut edir ki, qalib Azərbaycan dövləti yalnız gücü ilə deyil,
eyni zamanda humanizmi, liberal dəyərləri, ədaləti və məsuliyyətli hüquq
siyasəti ilə də nümunədir.
Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru