Paytaxtın Yasamal rayonu Abay Kunanbayev küçəsində (telefon qovşağının arxasında) yerləşən yaşayış kompleksinin yaxınlığında demək olar ki, hər gün yol-nəqliyyat hadisəsi baş verir.
Manset.az Avtosfer.az-a istinadən xəbər verir ki, iyunun 30-da günorta saatlarında ərazidə növbəti qəza qeydə alınıb.
Belə ki, yaşayış kompleksinin həyətindən çıxan “Toyota Prius” markalı avtomobil pilləkəndən aşağı düşüb.
Hadisə nəticəsində avtomobilə maddi ziyan dəyib. Qəzaya uğrayan nəqliyyat vasitəsi yaxınlıqda olan vətəndaşların köməyi ilə pilləkəndən çıxarılıb.
Bununla yanaşı, iyulun 1-də səhər saatlarında da həmin ərazidə oxşar yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 99-QD-175 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobil pilləkəndən düşüb.
Sakinlərin sözlərinə görə, ərazidə tez-tez belə qəzalar yaşanır. Onlar oxşar hadisələrin qarşısının alınması üçün aidiyyəti qurumlardan pilləkənin yaxınlığına, təxminən beş metr məsafədə tumbalar quraşdırılmasını xahiş edirlər.