“AzerGold” QSC-nin fəaliyyətə başlamasının
10-cu ildönümü münasibətilə dövlət şirkəti və onun törəmə müəssisələri – “Daşkəsən
Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbər heyəti Fəxri xiyabanda Ümummilli
Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə
gül dəstələri düzüblər.
Manset.az xəbər verir ki, ziyarət çərçivəsində görkəmli
oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə
tər güllər qoyularaq onun elmi irsinə və insanlığa xidmət edən zəngin həyat
yoluna hörmət ifadə olunub.
Daha sonra ziyarətçilər Şəhidlər xiyabanına
gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman
Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin məzarları önünə
gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin minnətdarlıq və ehtiramla
anılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 11
fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq təsis edilən “AzerGold” 5
iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayıb.
Artıq 10 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə
olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti faydalı qazıntı
yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq
bazarlarda satışı ilə milli iqtisadiyyata və sosial inkişafa davamlı töhfələr
verir.