logo
logo logo
logo

ADU-da 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR

16:57 - 06 Noyabr 2026

ADU-da 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
  • Noyabrın 6-da Azərbaycan  Dillər Universitetində 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib.


Manset.az xəbər verir ki, tədbirdən öncə ADU-nun rektoru, akademik Kamal Abdulla universitetdə təhsil alan şəhid övladları ilə görüşüb, onların təhsil prosesi və qayğıları ilə maraqlanıb. Rektor şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, universitet rəhbərliyinin hər zaman onların yanında olduğunu bildirib. 

Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, professor-müəllim heyəti, tələbələr iştirak ediblər. 

Öncə Dövlət Himni səsləndirilib. 

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın milli birliyinin, həmrəyliyinin və sarsılmaz iradəsinin təntənəsidir.

 Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq bütün dünyaya  xalqımızın əzmini, birliyini və torpaqlarımızın azadlığı uğrunda mübarizə iradəsini nümayiş etdirdi.

Rektor çıxışında tarixi qələbənin qazanılmasında hərbi qüdrətlə yanaşı, dövlətimizin məqsədyönlü siyasətinin və diplomatik fəaliyyətinin mühüm rol oynadığını vurğulayıb. 

Söylənilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, milli maraqlarının qorunmasına və ölkənin hərbi-iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfə verib. Məhz bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa edib. 

Tələbələrə müraciət edən rektor qeyd edib ki, Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu ən böyük əmanətlərdən biridir. O vurğulayıb ki, gənclər ölkənin gələcəyinə görə məsuliyyət daşıyır, milli-mənəvi dəyərlərə sadiq qalmalı, bilik və bacarıqlarını artıraraq Azərbaycanın inkişafına öz töhfələrini verməlidirlər. 

Daha sonra çıxış edən universitetin birinci kurs tələbəsi, şəhid Niyaməddin İsgəndərovun qızı Aytac İsgəndərova atasının Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan, onunla bağlı xatirələrindən söz açıb. O, şəhid övladı kimi üzərinə düşən məsuliyyəti dərk etdiyini bildirərək, Vətənə layiqli vətəndaş olmaq, yaxşı təhsil almaq və atasının adına layiq övlad kimi yetişmək üçün səylə çalışacağını vurğulayıb.

Tədbir universitet tələbələrinin ifasında təqdim olunan bədii kompozisiya ilə davam edib. 

Proqram çərçivəsində Vətənə, qəhrəmanlığa və Zəfər tarixinə həsr olunmuş musiqi və bədii nümunələr nümayiş etdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az