"Fabriora Group" ilə Qırğızıstan arasında ixrac və ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub.
Manset.az xəbər verir ki, görüş zamanı Azərbaycanın istehsal potensialı, mövcud ixrac fəaliyyəti və Qırğızıstanla ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Maksat Mamıtkanov Fabriora Group şirkətinin istehsal müəssisəsini ziyarət edib.
Səfiri "Fabriora Group"un nümayəndələri Enes Pekmez və Gökhan Özkundakçı qarşılayıblar.
Ziyarət çərçivəsində səfirə şirkətin istehsal infrastrukturu, istehsal gücü, məhsul çeşidləri, keyfiyyət standartları və beynəlxalq bazarlardakı fəaliyyəti barədə ətraflı məlumat verilib. İstehsal müəssisəsi ilə tanışlıq zamanı şirkətin mövcud imkanları və gələcək inkişaf strategiyası ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə "Fabriora Group"un beynəlxalq bazarlardakı fəaliyyəti və ixrac istiqamətləri də xüsusi diqqət mərkəzində olub. Hazırda şirkət Slipp Bebe brendi ilə Qırğızıstan bazarına məhsul ixrac edir. Görüş zamanı şirkətin əsas brendi olan Predo başda olmaqla, digər məhsul kateqoriyalarının da Qırğızıstan bazarında təmsil olunması və ixrac imkanları səfirə təqdim edilib.
Tərəflər xüsusilə uşaq bezləri, qadın gigiyenası məhsulları, böyüklər üçün gigiyenik məhsullar və məişət təmizliyi kateqoriyalarında mövcud istehsal imkanlarını, məhsul çeşidlərini və Qırğızıstan bazarının potensialını müzakirə ediblər.
Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi, iki ölkənin özəl sektor nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi və yeni biznes imkanlarının yaradılması məsələləri də müzakirə olunub.
Bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərən orta və iri sahibkarlıq subyektlərinin nümayəndələrindən ibarət biznes heyətlərinin Qırğızıstana səfərlərinin təşkili, ikitərəfli işgüzar görüşlərin keçirilməsi, müxtəlif sektorlarda ixrac və investisiya imkanlarının araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Belə təşəbbüslərin iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, yeni tərəfdaşlıqların qurulmasına və Azərbaycan istehsalçılarının Mərkəzi Asiya bazarlarında mövqelərinin gücləndirilməsinə töhfə verə biləcəyi vurğulanıb.
Səfir Maksat Mamıtkanov "Fabriora Group"un istehsal infrastrukturu, məhsul portfeli və beynəlxalq bazarlardakı fəaliyyəti ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib. Şirkətin istehsal imkanları və ixrac fəaliyyəti ilə bağlı təqdim olunan məlumatlar maraqla qarşılanıb.
"Fabriora Group" nümayəndələri Azərbaycanın istehsal və ixrac potensialının beynəlxalq miqyasda təşviq edilməsinin əhəmiyyətini vurğulayaraq, Qırğızıstan başda olmaqla Mərkəzi Asiya ölkələri ilə iqtisadi və ticarət əlaqələrinin inkişafına töhfə verməyə hazır olduqlarını bildiriblər.
Görüş Azərbaycan və Qırğızıstan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin iqtisadi müstəvidə daha da möhkəmləndirilməsi, yeni ticarət körpülərinin qurulması və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli görüş kimi qiymətləndirilib.