- “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin üzvləri Balakən rayonunda yerli icma nümayəndələri ilə görüş keçiriblər.
Manset.az xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətində
keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının, idarə və müəssisələrin nümayəndələri,
Filizçay polimetal yatağının yaxınlığında yerləşən Mazımqaray, Gərəkli,
Mahamalar və Salban kəndlərinin sakinləri, ağsaqqallar, eləcə də yerli
qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Görüşdə çıxış edən Balakən Rayon
İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Filizçay polimetal yatağının Azərbaycanın
dağ-mədən sənayesi üçün strateji əhəmiyyət daşıyan ən iri layihələrdən biri
olduğunu vurğulayıb. Bildirilib ki, layihənin həyata keçirilməsi Şimal-Qərb
regionunun, xüsusilə Balakən rayonunun sosial-iqtisadi inkişafına mühüm töhfə
verəcək. Eyni zamanda, sənaye infrastrukturunun formalaşmasına, yerli biznes
mühitinin canlanmasına, kiçik və orta sahibkarlıq subyektlərinin logistika və təchizat
zəncirində iştirak imkanlarının genişlənməsinə şərait yaradacaq.
“AzerGold” QSC İdarə Heyətinin üzvü
– sədr müavini İlqar Cəlilov “Azərbaycan Respublikasında
dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair
2027–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas
layihələrindən biri olan Filizçay yatağının strateji əhəmiyyəti və resurs
potensialı barədə məlumat verib. O, yatağın yalnız Azərbaycan deyil, Avropa
miqyasında da ən iri, geoloji quruluşu və metallurgiya xüsusiyyətləri
baxımından mürəkkəb dağ-mədən layihələrindən biri olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, yataqda
genişmiqyaslı geoloji-kəşfiyyat işləri tamamlanıb və beynəlxalq standartlara
uyğun resurs qiymətləndirilməsi aparılıb. Layihə təsdiq edilmiş fəaliyyət
planına uyğun olaraq mərhələli şəkildə icra olunur. Hazırda İlkin
Texniki-İqtisadi Əsaslandırma mərhələsində olan layihə çərçivəsində filizin
emalı üçün flotasiya və hidrometallurgiya texnologiyaları üzrə ətraflı
araşdırmalar aparılır. Əsas məqsəd optimal və ekoloji baxımdan ən təhlükəsiz
emal texnologiyasını müəyyənləşdirməkdir.
Strateji yol xəritəsinə əsasən,
2030-cu ildə Yekun Texniki-İqtisadi Əsaslandırma mərhələsinin tamamlanması və sənaye
miqyaslı istehsalı təmin edəcək emal zavodunun tikintisinə başlanılması
planlaşdırılır. İstismar müddətinin 34 il nəzərdə tutulduğu müəssisənin 2032-ci
ildə ilkin istismara verilməsi hədəflənir.
“AzerGold” QSC İdarə Heyətinin üzvü
– sədr müavini Ayşəm Qələmiyeva layihənin yerli əhali üçün yaradacağı
sosial-iqtisadi imkanlardan bəhs edib. Bildirilib ki, zavodun tikintisi və
sonrakı istismarı dövründə yerli sakinlər üçün yüzlərlə yeni və daimi iş
yerinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, peşə hazırlığının gücləndirilməsi,
mühəndislik və texniki sahələr üzrə ixtisaslaşmasının dəstəklənməsi də diqqət mərkəzində
olacaq.
Görüşdə, həmçinin layihə çərçivəsində
ətraf mühitə təsirin qiymətləndirilməsi, su ehtiyatlarının qorunması,
tullantıların idarə olunması, torpaq və biomüxtəlifliyin mühafizəsi, ekoloji
monitorinq mexanizmlərinin tətbiqi, eləcə də yerli icmaların ekoloji məsələlər
üzrə məlumatlandırılması istiqamətində nəzərdə tutulan tədbirlər barədə ətraflı
məlumat verilib.
Diqqətə çatdırılıb ki, beynəlxalq
standartlara uyğun fəaliyyət göstərən “AzerGold” QSC-nin indiyədək fəaliyyət
göstərdiyi bölgələrdə formalaşdırdığı qabaqcıl KSM təcrübəsi Balakən rayonunda
da tətbiq ediləcək. Yerli icmaların dayanıqlı rifahının dəstəklənməsi məqsədilə
məşğulluq, təhsil, səhiyyə, sosial-iqtisadi inkişaf və ətraf mühitin mühafizəsi
istiqamətlərində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda sakinlərin müraciət
və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
“AzerGold” QSC-nin KSM Komitəsi
Filizçay layihəsinin icra mərhələləri, nəzərdə tutulan fəaliyyətlər və yerli
icmalar üçün yaradılacaq imkanlar barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması
məqsədilə Balakən rayonunun sakinləri ilə görüşləri davam etdirəcək.