Noyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar ilə görüşüb.
Manset.az xəbər verir ki, ölkəmizdə səfir kimi fəaliyyətə başlaması münasibətilə Abhay Kumarı təbrik edən nazir ona uğurlar arzulayıb. Adil Kərimli deyib ki, Azərbaycan ilə Hindistan arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəni mübadilənin təşviqi və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Abhay Kumar səmimi qəbula görə təşəkkür edib, ölkəsinin Azərbaycanla mədəni əlaqələrin inkişafında və yeni əməkdaşlıq təşəbbüslərinin reallaşdırılmasında maraqlı olduğunu vurğulayıb. Diplomat eyni zamanda Hindistanın mədəni irsinin, kino sənəti və mətbəx mədəniyyətinin təbliğinə yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan-Hindistan mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.