Madaqaskarın Betroka bölgəsində sərnişin daşıyan avtomobil sel sularına düşərək güclü su axını ilə sürüklənib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 26 nəfərin meyiti tapılıb, 9 nəfər xilas edilib. İtkin düşən 5 nəfərin axtarışları isə davam etdirilir.
Betroka bölgəsinin parlament üzvü Nikolas Randrianasolo sosial şəbəkə hesabında paylaşdığı videoda avtomobilin noyabrın 16-da Bekitro yaşayış məntəqəsindən yola çıxdığını bildirib. Onun sözlərinə görə, avtomobil marşrut üzrə su altında qalmış keçiddən keçməyə çalışarkən güclü su axınına düşərək sürüklənib.
Randrianasolo qeyd edib ki, sürücü suyun səviyyəsinin aşağı olduğunu düşündüyü üçün hərəkəti davam etdirmək qərarına gəlib. Lakin avtomobil yolun ortasında güclü axına düşərək idarəetmədən çıxıb.
Məlumata görə, xilas edilənlər arasında avtomobilin sürücüsü də var.