17 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəni və Yaradıcı sənayelərin İnkişaf Mərkəzində “Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi” üzrə elan edilmiş müsabiqəyə dair infosessiya keçirilib.
Manset.az xəbər verir ki, infosessiyanın əsas məqsədi müsabiqədə iştirak etmək istəyən hüquqi şəxsləri müsabiqənin şərtləri, iştirak qaydaları, müraciət prosesi və layihə təkliflərinin hazırlanması ilə bağlı ətraflı məlumatlandırmaq olub.
Tədbir çərçivəsində müsabiqənin prioritet istiqamətləri, müraciətlərin elektron qaydada təqdim edilməsi, tələb olunan sənədlər, layihələrin qiymətləndirilməsi meyarları və digər təşkilati məsələlər barədə məlumat verilib.
Bununla yanaşı, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müraciət prosesi zamanı diqqət yetirilməli vacib məqamlarla bağlı ətraflı izahlar verilib.
Qeyd edək ki, müsabiqə üzrə sənəd qəbulu 6–26 noyabr 2026-cı il tarixlərində həyata keçirilir.