Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunması qurumun əvvəlki rəhbərlərini də gündəmə gətirib.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, 1992-ci ildə yaradılan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı ildən Dövlət İmtahan Mərkəzi (DİM) adı ilə fəaliyyət göstərir.
Bu illər ərzində quruma rəhbərlik etmiş şəxslərin adlarını və vəzifədə olduqları tarixləri təqdim edirik.

Vurğun Əyyub (1992–1993)
TQDK-nın ilk sədri Vurğun Əyyub olub. O, 21 iyul 1992-ci ildə bu vəzifəyə təyin edilib və 30 iyul 1993-cü ilədək komissiyaya rəhbərlik edib. Vurğun Əyyub 2019-cu il sentyabrın 24-də vəfat edib.

Kamran İmanov (1993–1995)
Vurğun Əyyubdan sonra TQDK sədri vəzifəsinə Kamran İmanov təyin olunub. O, 30 iyul 1993-cü ildən 15 yanvar 1995-ci ilədək bu vəzifədə çalışıb. Sonrakı illərdə Müəllif Hüquqları Agentliyinə rəhbərlik edib. Hazırda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədridir.
Faiq Nağıyev (1995–1996)
Kamran İmanovdan sonra, 17 iyun 1995-ci ildə Faiq Nağıyev TQDK-nın sədri təyin edilib. O, 9 iyun 1996-cı ilədək komissiyaya rəhbərlik edib.
Məleykə Abbaszadə (2000–2026)
Məleykə Abbaszadə 1994-cü ildə TQDK sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 1995–1996-cı və 1996–2000-ci illərdə sədr vəzifəsini müvəqqəti icra edib. 5 oktyabr 2000-ci ildə isə rəsmən TQDK-nın sədri təyin olunub.
O, 2016-cı ilədək komissiyaya rəhbərlik edib. Həmin il aprelin 12-də yeni yaradılan Dövlət İmtahan Mərkəzinin sədri təyin olunub.
23 iyul 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə DİM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
19 noyabr 2026-cı ildə isə Məleykə Abbaszadə DİM-in İdarə Heyətinin sədri vəzifəsindən azad olunaraq Bakı Dövlət Universitetinin rektoru təyin edilib.