Fərdi jurnalist müsabiqəsində jurnalistlərin özlərinə məxsus və idarə etdikləri rəqəmsal hesablarda paylaşdıqları materialların auditoriya ilə qarşılıqlı əlaqə göstəriciləri də qiymətləndiriləcək.
Manset.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.
O bildirib ki, müsabiqə çərçivəsində maraqlı, ictimai əhəmiyyətli və jurnalistika standartlarına uyğun hazırlanmış materialların təqdim olunması gözlənilir.
Natiq Məmmədlinin sözlərinə görə, yeniliyə əsasən, jurnalistin müsabiqəyə təqdim etdiyi materialla bağlı fərdi rəqəmsal hesablarında yerləşdirdiyi paylaşımlar da qiymətləndirmə prosesinə daxil ediləcək.
O qeyd edib ki, burada əsas göstərici qarşılıqlı əlaqə sayıdır. Bu zaman paylaşımın topladığı bəyənmə, şərh, təkrar paylaşım (share) və saxlamaların (save) ümumi sayı hesablanacaq.
Şöbə müdiri vurğulayıb ki, bu yanaşma həm materialın peşəkar keyfiyyətini, həm də onun auditoriyaya çatdırılmasını və rəqəmsal müstəvidə yaratdığı təsiri nəzərə almağa imkan verəcək