Avropa İttifaqı (Aİ) Ədalət Məhkəməsi "Google" şirkətinin "Android" mobil əməliyyat sistemində bazardakı üstün mövqeyindən sui-istifadə etdiyi üçün tətbiq olunan 4,1 milyard avro məbləğində cərimə ilə bağlı apellyasiya şikayətini rədd edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Lüksemburqda yerləşən Aİ Ədalət Məhkəməsi "Google" və onun çətir şirkəti "Alphabet" tərəfindən Aİ Ümumi Məhkəməsinin 2022-ci ildə çıxardığı qərardan verilən şikayətin təmin edilmədiyini açıqlayıb.
Məhkəmə qərarında bildirilib ki, "Google"un "Android" əməliyyat sistemi bazarında dominant mövqeyindən sui-istifadə etməsinə görə tətbiq edilən cərimə qanunvericiliyə uyğundur. Bununla da şirkətə tətbiq olunan 4,1 milyard avroluq cərimə yekun qüvvəyə minib.
Xatırladaq ki, Avropa Komissiyası 2018-ci ildə qəbul etdiyi qərarda "Google"un "Android" əməliyyat sistemindən istifadə edən mobil cihaz istehsalçılarını müxtəlif müqavilələr və lisenziya şərtləri vasitəsilə "Google Search" axtarış sistemi və "Google Chrome" brauzerini cihazlara əvvəlcədən quraşdırmağa məcbur etdiyini, bununla da bazardakı dominant mövqeyindən sui-istifadə etdiyini müəyyən etmişdi.
Həmin qərar əsasında Avropa Komissiyası "Google"a 4,34 milyard avro məbləğində rekord cərimə tətbiq etmişdi.