ABŞ-nin Delta Hava Yolları şirkəti 4 İyul Müstəqillik Günü qeyd etmələri zamanı Çikaqoya eniş edən sərnişin təyyarələrindən birinə atəşfəşanlıq mərmisinin dəydiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkət bildirib ki, təyyarə təhlükəsiz şəkildə eniş edib və dayanacaq mövqeyinə çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Məlumata görə, Atlantadan havaya qalxaraq Çikaqo Miduey Beynəlxalq Hava Limanına uçan Delta Air Lines-ın 1076 saylı reysini yerinə yetirən Airbus A319 tipli təyyarə eniş zamanı atəşfəşanlıq mərmisi ilə təmasda olub.
Hava hərəkətinə nəzarət xidmətinin səs yazılarına əsasən, uçuş heyəti atəşfəşanlıq mərmisinin təyyarəyə dəyməsi nəticəsində güclü partlayış səsi eşitdiklərini və zərbəni hiss etdiklərini bildirib.
Heyət üzvlərindən biri hava hərəkətinə nəzarət dispetçerinə partlayışın təyyarənin alt hissəsində partlayan atəşfəşanlıq qurğusundan qaynaqlandığına ümid etdiklərini, lakin güclü zərbəni açıq şəkildə hiss etdiklərini çatdırıb.