Banqladeşin şimal-şərqində yerləşən Silhet bölgəsində iki sərnişin avtobusunun üz-üzə toqquşması nəticəsində 8 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza paytaxt Dəkkədən təxminən 240 kilometr şimal-şərqdə yerləşən Silhet bölgəsində yerli vaxtla saat 07:30 radələrində baş verib. İki sərnişin avtobusu naməlum səbəbdən üz-üzə toqquşub.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara çatdırılıblar. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib. Bu səbəbdən ölənlərin sayının arta biləcəyi istisna olunmur.