Kinşasada şadlıq sarayında baş verən yanğında 22 nəfər həlak olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada şadlıq sarayında baş verən yanğın nəticəsində ilkin məlumata görə, 22 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Ölkənin milli mətbuatında yayılan xəbərlərə görə, paytaxtın Linqvala rayonunda yerləşən “Panacee” adlı şadlıq sarayında toy mərasimi davam etdiyi zaman hələlik müəyyənləşdirilməyən səbəbdən yanğın baş verib.
Yanğının başlamasından sonra salonda çaxnaşma yaranıb və izdiham yaşanıb.
Yaralılar paytaxtdakı müxtəlif tibb müəssisələrinə çatdırılıb. Yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.
Hadisədən sonra KDR Baş nazirinin müavini, daxili işlər naziri Jakmen Şabani ölkə üzrə bütün şadlıq saraylarının, eləcə də kütləvi tədbirlərin keçirildiyi məkanların təhlükəsizlik vəziyyətinin yoxlanılması barədə göstəriş verib.
Şabani təhlükəsizlik tələblərinə cavab verməyən məkanların dərhal fəaliyyətinin dayandırılmasını tapşırıb.