Beynəlxalq araşdırmaya əsasən, qlobal istiləşmə nəticəsində əsrin sonunadək Yer kürəsində quraq ərazilər qurunun ümumi səthinin 40 faizindən çoxunu əhatə edə bilər. Bu genişlənmənin ən çox həddindən artıq quraq bölgələrdə hiss olunacağı bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Meşəçilik Akademiyasının rəhbərliyi ilə aparılan və “Environmental Research Letters” jurnalında dərc olunan araşdırmada yenilənmiş iqlim modellərindən istifadə edilməklə quraq ərazilərin gələcəkdə yayılma miqyası öyrənilib.
Araşdırmanın nəticələri göstərir ki, 2071–2100-cü illər arasında istixana qazları emissiyalarının müxtəlif ssenarilərindən asılı olaraq quraq ərazilərin dünya üzrə payı 39,3–40,3 faizə çata bilər.
Bu proqnoz gerçəkləşəcəyi təqdirdə, dünya üzrə təxminən 2,4 milyon kvadratkilometr yeni ərazi quraqlaşacaq. Bu sahə təxminən Əlcəzairin ümumi ərazisinə bərabərdir.