Süni intellektin sürətlə yayılması texnologiya dünyasında ciddi fikir ayrılığına səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Anthropic" şirkətinin icraçı direktoru Dario Amodeinin süni intellekt modellərinin inkişaf sürətini zəiflətmək çağırışı yeni mübarizəyə təkan verib. "OpenAI" rəhbəri Sem Altman və İlon Mask kimi nüfuzlu şəxslər Amodeini dəstəkləsə də, "Nvidia" rəhbəri Censen Huanq süni intellekt sahəsində mümkün qədər sürətlə irəliləməyin tərəfdarı olduğunu bildirib.
ABŞ-də bu texnologiyanın təhlükəli həddə çata biləcəyi və inkişaf tempinin zəiflədilməsinin vacibliyi gündəmə gəlib. Bu müzakirələri alovlandıran əsas hadisələrdən biri "OpenAI" və "Anthropic" şirkətlərində tədqiqatçı kimi çalışan Ceykob Koksonun sentyabrın 9-da istefa verməsi olub. O, hər iki şirkətin süni intellekt məsələsində kifayət qədər məsuliyyətli davranmadığını iddia edib.
Şirkətlərin öz-özünü təkmilləşdirən sistemlər yaratmaq üçün nəzarətsiz yarışa girdiyini vurğulayan Kokson bu modellərin yaxın gələcəkdə "hər şeyi haker hücumuna məruz qoya bilən" insanüstü sistemlərə çevriləcəyini qeyd edib. Tədqiqatçı həmçinin bu sahədə çalışan bəzi mütəxəssislərin sözügedən sistemlərin 10 il ərzində bəşəriyyəti məhv edə biləcəyinə ciddi şəkildə inandıqlarını diqqətə çatdırıb.