Almaniyanın başçılıq etdiyi 6 Avropa İttifaqı (Aİ) ölkəsi 2028-2034-cü illəri əhatə edən və təxminən 2 trilyon avro təşkil edən büdcədə yüz milyardlarla avro məbləğində ixtisar edilməsini tələb edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkələr vəsaitlərin müdafiə və rəqabət qabiliyyətini artıracaq sahələrə yönəldilməsini istəyir.
“Financial Times” qəzetinin məlumatına görə, Almaniya, Niderland, İsveç, Danimarka, Avstriya və Finlandiya Aİ rəhbərliyinə “təhdid” xarakterli məktub göndərib.
Məktubda bildirilir ki, Almaniyanın rəhbərlik etdiyi 6 Aİ ölkəsi xərclərdə “yüz milyardlarla avro” ixtisar edilməyəcəyi təqdirdə ittifaqın 2028-2034-cü illəri əhatə edən yeddiillik büdcəsini rədd edəcəklərini bəyan edib.
Məktubda Avropa Komissiyasının təklifi əsasında təxminən 2 trilyon avroya çatması gözlənilən Aİ büdcəsinin “əsaslı şəkildə islah edilməsinin” zəruri olduğu vurğulanıb.
Məktubu imzalayan ölkələrdən birinin diplomatı bildirib: “Büdcə yüz milyardlarla avro azaldılmadığı təqdirdə bu il razılaşma əldə etmək mümkün olmayacaq”.