Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) rəhbəri Hiroşi Yamakava Türkiyə və Yaponiya üçün kosmos sahəsinin əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük perspektivlər vəd etdiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yamakava Beynəlxalq Astronavtika Konqresinin (IAC 2026) iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu qeyd edib.
Anadolu Agentliyinin “Qlobal Kommunikasiya Tərəfdaşı” olduğu və Beynəlxalq Astronavtika Federasiyası (IAF) tərəfindən təşkil edilən konqres Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin əlaqələndirməsi, Türkiyə Kosmik Agentliyi (TUA) və SAHA İstanbulun birgə ev sahibliyi ilə Antalya NEST Konqres Mərkəzində keçirilir.
Yamakava burada verdiyi açıqlamada Türkiyənin son dövrdə kosmik sahədə böyük irəliləyiş əldə etdiyini vurğulayıb.
O, iki ölkə arasında kosmik sektor üzrə əməkdaşlığın daha da inkişaf etdirilə biləcəyini bildirərək, xüsusilə peyk tətbiqləri sahəsində Türkiyə ilə əməkdaşlıq etdiklərini qeyd edib.
“Beynəlxalq Astronavtika Konqresi 2026 Türkiyə ilə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün bir platformadır”, – deyə JAXA rəhbəri bildirib.