Almaniya kansleri Fridrix Merz Rusiyanın Ukraynaya göstərilən dəstəyi əngəlləmək məqsədilə Almaniyada və NATO-nun şərq cinahında yerləşən ölkələrdə hibrid hücumlar həyata keçirdiyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Merz qeyd edib ki, belə hücumların qarşısını almaq üçün qətiyyətlidirlər:
“Hibrid hücumları dəf etməkdə qərarlıyıq. Zərurət yaranarsa, aydın və güclü cavab verəcəyik. Rusiya güc dilini anladığı müddətdə Ukraynaya dəstəyimizi davam etdirəcəyik”.
Almaniya kansleri Fridrix Merz və Litvanın Baş naziri Mindauqas Sinkevicius Berlin şəhərində, Kanslerlik binasında keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Merz bildirib ki, Sinkevicius ilə görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Rusiyanın Baltikyanı ölkələrə və Avropaya qarşı həyata keçirdiyi hibrid hücumlar, eləcə də Avropa İttifaqı Komissiyasının büdcəsi müzakirə olunub.
Almaniya ilə Litva arasında sıx tərəfdaşlığın mövcud olduğunu vurğulayan Merz deyib:
“Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir, Berlinin təhlükəsizliyi isə Vilnüsdə müdafiə olunur. 2027-ci ilin sonunadək Vilnüsdə Almaniya-Litva briqadasının tam şəkildə formalaşdırılmasını başa çatdırdıqda buna uyğun hərəkət edəcəyik”.
Merz bunun Almaniyanın öz ərazisindən kənarda daimi hərbi birlik yerləşdirdiyi ilk hal olacağını bildirib. Onun sözlərinə görə, bu, Almaniyanın NATO çərçivəsində həmrəyliyə ciddi yanaşdığını göstərir.