Bolqarıstanda əsən güclü külək və aşan ağaclar nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb. Vratsa şəhərində isə fövqəladə vəziyyət elan olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vratsa Bələdiyyəsindən verilən açıqlamada küləyin sürətinin saatda 110 kilometri ötdüyü bildirilib.
Qeyd olunub ki, güclü külək nəticəsində ağaclar aşıb, budaqlar qırılıb, metal dam örtükləri yerindən qopub, müxtəlif əşyalar ətrafa səpələnib. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Açıqlamada əlverişsiz hava şəraiti davam etdiyi müddətdə sakinlərə zərurət olmadıqca evlərini tərk etməmək tövsiyə olunub.