NASA-nın «Curiosity» (Maraq) tədqiqat aparatı Marsda adi bir daşı parçaladıqdan sonra gözlənilməz kəşfə imza atıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qeyl kraterində yerləşən Gediz Vallis kanalında hərəkət edən aparat daşlardan birinin üzərindən keçərkən onun altından solğun sarı rəngli parıltı üzə çıxıb.
Araşdırmalar nəticəsində «Curiosity»nin Qırmızı planetdə saf elementar kükürd kristalları aşkar etdiyi məlum olub. Marsda sulfat birləşmələrinə geniş rast gəlinsə də, saf kükürd ilk dəfədir ki, burada müşahidə edilir. NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının «Curiosity» layihəsi üzrə alimi Aşvin Vasavada saf kükürddən ibarət daşlarla dolu sahənin aşkar edilməsini səhranın ortasında vahə tapmağa bənzədib.
Kəşfdən sonra məlum olub ki, ərazi eyni tərkibli daşlarla zəngindir. «Science» jurnalında dərc olunan məqalədə Vaşinqton Universitetinin planetoloqu Skott VanBommelin rəhbərlik etdiyi tədqiqatçılar qrupu kükürd yatağının təxminən 2100 kvadratmetr ərazini əhatə etdiyini müəyyənləşdirib.
Tədqiqatçılar kükürdün qədim vulkanik fəaliyyət nəticəsində ayrılan qazlardan əmələ gəlmiş ola biləcəyini ehtimal edirlər. Onların fikrincə, həmin qazlar soyuduqca Mars səthinin altında toplanaraq orada qalıb. Sonradan eroziya nəticəsində təzyiqin azalması qazların səthə çıxmasına və saf kükürd yataqlarının yaranmasına şərait yaratmış ola bilər.