Meksikada kiçik təyyarə uçuşa qalxarkən yaranan texniki nasazlıq səbəbindən magistral yola çıxıb. Xoşbəxtlikdən, yoldakı avtomobillərə çırpılmadan hərəkətini davam etdirən təyyarə yol kənarındakı otluq sahədə dayanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Nuevo-Leon ştatında yerləşən Monterrey Beynəlxalq Hava Limanından uçuşa hazırlaşan “Piper Malibu 46” tipli kiçik təyyarədə texniki nasazlıq baş verib.
Uçuşu həyata keçirə bilməyən təyyarə uçuş-enmə zolağından çıxaraq hava limanının yaxınlığından keçən və hərəkətin sıx olduğu Monterrey–Nuevo-Laredo magistral yoluna daxil olub.
Magistral yol boyunca sürüşərək hərəkət edən təyyarə yolun kənarındakı otluq sahədə dayanıb. Hadisədən sonra təyyarədə yanğın baş verib.
Qəza zamanı təyyarədə olan 6 nəfərin heç biri xəsarət almayıb.