Rusiyanın kosmosa nüvə silahı daşıyan peyk yerləşdirməyə hazırlaşdığı barədə iddialar NATO ölkələrində narahatlıq yaradıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun kəşfiyyat məlumatlarına görə, Moskva nüvə başlığı daşıyan “Sputnik-S” peykini dekabr ayında orbitə yerləşdirə bilər. Kosmosda baş verəcək nüvə partlayışı minlərlə peykin fəaliyyətini dayandıra bilər. Rusiya isə bu iddiaları təbliğat adlandıraraq rədd edir.
Almaniyanın WDR və NDR ictimai yayım qurumları ilə “Süddeutsche Zeitung” qəzetinin birgə araşdırmasına görə, Qərb kəşfiyyat xidmətləri Moskvanın cari il ərzində nüvə başlığı daşıyan peyki orbitə çıxarmağı planlaşdırdığı qənaətindədir.
Araşdırmada bildirilir ki, “Sputnik-S” adlandırılan peykin hazırlanması bir neçə il əvvəl başa çatdırılıb və hazırda Moskva yaxınlığında buraxılışa hazır vəziyyətdə saxlanılır.
Noyabrın əvvəlində NATO ölkələri arasında paylaşılmış kəşfiyyat xəbərdarlıqlarında peykin qarşıdakı 60 gün ərzində kosmosa göndərilə biləcəyi qeyd olunub.
Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) və Almaniya Silahlı Qüvvələrinin (Bundeswehr) də bu qiymətləndirməni bölüşən qurumlar sırasında olduğu bildirilir.